Ərzurum Konqresinin 100 illiyi qeyd olunub

Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqının milli qurtuluş mücadiləsində tarixi rol oynamış Ərzurum Konqresindən 100 il ötür. Bu münasibətlə Ərzurum şəhərində təntənəli mərasim təşkil olunub.

Mərasimdə Türkiyənin dövlət və hökumət nümayəndələri, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Mərasimdə məlumat verilib ki, 1919-cu il iyulun 23-də başlayıb avqustun 7-dək davam edən Ərzurum Konqresi müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Anadoluda başlanan milli qurtuluş mübarizəsinin həlledici mərhələlərindən biridir.

Konqresdə səkkiz bənddən ibarət qətnamə qəbul olunmuşdu və ilk müddəası belə idi: milli sərhədlər çərçivəsində vətən bölünməz bir varlıqdır və parçalana bilməz. Ərzurum Konqresinin keçirildiyi dövrdə Osmanlı dövlətinə qarşı döyüşən güclər ölkənin qərbində İzmir və digər bölgələrin işğalından sonra Trabzon və Ərzurum da daxil olmaqla indiki Türkiyənin şərqini də ələ keçirmək niyyətində idi. Mustafa Kamal paşanın ətrafında birləşən türk xalqı düşmənin bütün mənfur niyyətlərini puç etdi.

Rəsmi hissədən sonra mərasim bədii proqramla davam edib. Tarixi hadisələri əks etdirən rəsm sərgisi açılıb. Ərzurumun mərkəzində izdihamlı yürüş keçirilib.

Mehparə SULTANOVA
Ankara