Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimatı olub.
Tədbirdə çıxış edən muxtar respublikanın Mədəniyyət naziri Natəvan Qədimova ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da mədəniyyətin, musiqi sənətinin professional formada inkişafına dövlət qayğısı göstərildiyini bildirib.
Vurğulayıb ki, zəngin ənənələrə malik olan Naxçıvan musiqi sənəti bu diqqət və qayğı sayəsində özünün yeni inkişaf dövrünü yaşayır. Xalqımızın yaradıcılıq istedadını özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, yallı və rəqslərimiz Naxçıvan Dövlət Filarmoniyası kollektivlərinin ifasında sevilərək dinlənilir və izlənilir. Filarmoniyada 7 kollektivdə 200-ə yaxın sənət adamı fəaliyyət göstərir. İstedadlı gənclərin filarmoniyaya cəlb edilməsi də diqqətdə saxlanılır. Filarmoniyaya son illər ərzində milli və Avropa istehsalı olan musiqi alətləri verilib, musiqi kollektivləri və solistlər geyim dəstləri ilə təmin ediliblər.
Nazir diqqətə çatdırıb ki, bu dəfə filarmoniyaya 18 adda 20 sayda qədim musiqi alətləri təqdim olunur. Bu alətlər içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi kimi alətlər filarmoniyada ilk dəfə istifadə ediləcək. Bundan başqa, qədim musiqi alətləri musiqi mədəniyyətimizin təbliği və tanıdılmasında da müstəsna əhəmiyyət kəsb etməkdədir.
Natəvan Qədimova filarmoniya kollektivlərini təbrik edib və onlara yeni yaradıcılıq uğurları arzulayıb. O, milli musiqi sənətimizin yaşadılması və təbliğinə göstərilən qayğıya görə muxtar respublika Ali Məclisinin rəhbərliyinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Musiqi Kollecinin müəllimi İxtiyar Seyidov, Naxçıvan Dövlət Filarmoniyasının direktoru, muxtar respublikanın Əməkdar artisti Səməd Əsgərov çıxış ediblər.
Sonda tədbir iştirakçıları təqdimatı keçirilən qədim musiqi alətləri ilə tanış olublar.