Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusufun mütəfəkkir şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin əsasında hazırladığı kompozisiya internetdə geniş izləyici auditoriyasında xoş təəssürat doğurub.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz təəssüratını “Facebook” sosial şəbəkəsində paylaşdığı statusda qeyd edib.
Professor Əli Həsənov diqqətə çatdırıb ki, əlli il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) 600 illik yubileyi keçirilmiş, bununla həm ölkəmizdə, həm də xaricdə onun həyat və yaradıcılığına maraq artmışdı. Ana dilimizdə yaratmış olduğu mükəmməl poeziya nümunələri yüz illər boyunca ozanların, muğam ustalarının dilindən düşməyərək milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verən qüdrətli sufi şairin əlyazmalarının tədqiqi həmin vaxtdan etibarən genişlənmiş, əsərləri kütləvi tirajla çap edilmişdi. Təsadüfi deyil ki, İmadəddin Nəsiminin təbliğində xüsusi yeri olan film də məhz ulu öndər Heydər Əliyevin sovet Azərbaycanında hakimiyyətdə olduğu zamanda – İsa Hüseynovun (Muğanna) ssenarisi əsasında rejissor Həsən Seyidbəyli tərəfindən 1973-cü ildə çəkilmiş, baş rolun ifaçısı, o dövrdə gənc olan istedadlı aktyorumuz Rasim Balayevin yaratdığı obraz xalqımız tərəfindən böyük sevgi ilə qarşılanmışdı.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi onu da xatırladır ki, dövlət başçısı İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncama əsasən Nəsiminin əsərləri də təkrar çap olunmuşdu. Vurğulanır ki, ölkə başçısı tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı elmi və mədəni tədbirlər keçirilir, araşdırmalar aparılır, kütləvi informasiya vasitələrində sanballı məqalələr dərc olunmaqdadır.
Həmçinin diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində ictimaiyyət nümayəndələri, dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və könüllü gənclər qoşulacaqlar.
“Zənnimcə, “Nəsimi ili”nə gözəl töhfələrdən birini də “Youtube” kanalındakı hesabına yerləşdirdiyi son bəstəsi ilə soydaşımız, Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusuf verdi. Onun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası sosial şəbəkələrdə qısa zamanda populyarlaşdı və böyük rəğbətlə qarşılandı. Müntəzəm olaraq Azərbaycana gələn, ötən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalında iştirak etmiş Sami kimi məşhur, açıq konsertlərinə yüz minlərlə tamaşaçı toplanan bir sənətçinin klassik poeziyamızın pərəstişkarı olması, mənəvi dünyamızın incilərini yeni və peşəkar formada bütün dünyaya yayması, əlbəttə, təqdirəlayiqdir”, – deyə Əli Həsənov qeyd edir.
Professor Əli Həsənov müğənni və bəstəkar Sami Yusufun Nəsiminin “Sığmazam” qəzəli əsasında xalq çalğı alətlərimizin müşayiəti ilə, milli, klassik və müasir musiqi elementlərini sintez edərək, Azərbaycanın ifaçıları ilə birgə hazırladığı kompozisiyanın videoyazısını internet istifadəçiləri ilə paylaşaraq yazır: “Bir dinləyici kimi zövqümü oxşadı. Odur ki, türk dünyasının 7 böyük ozanından biri sayılan Nəsiminin “Sığmazam” rədifli qəzəlinin bu cür ecazkar, ovsunlayıcı musiqiyə çevrilməsinə əmək sərf etmiş hər kəsə təşəkkür edir, böyük məmnuniyyətlə videosunu sizlərlə paylaşıram. Paylaşıram həm də ona görə ki, Heydər Əliyevin və İlham Əliyevin Nəsimi kimi tarixi şəxsiyyətlərimizi, mütəfəkkirlərimizi cəmiyyətimizin və bütün dünyanın nəzərində ucaltmaqla standart məkan qəliblərinə sığmadıqları barədə qənaətimi bir daha sizlərlə bölüşüm”.