Avstraliyanın kulinariya üzrə məşhur fotoqraf və blogeri Kitti Gould, televiziya rejissoru Timoti Tatçer, kulinariya və səyahət üzrə peşəkar jurnalistləri Sofia Levin və Kassandra Çarlik bu günlərdə ölkəmizdə səfərdə olublar. Onlar səfərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.
Rejissor Timoti Tatçer Azərbaycana səfər etmək qərarına iştirak etdiyi bir kulinariya festivalında ölkəmizin ləziz təamları ilə tanış olduqdan sonra gəldiyini bildirib. O deyib ki, Azərbaycanda televiziya proqramı çəkməyi planlaşdırır və bunun üçün gələn ilin may ayında yenidən ölkəmizə gələcək. Rejissor Azərbaycanın regionlarının da onda xoş təəssüratlar yaratdığını qeyd edib.
Jurnalist Sofia Levin də Azərbaycan milli mətbəxinə heyran qaldığını bildirib. O, yeməklərin hər birinin özünəməxsus dadı olduğunu vurğulayıb, “Şah plov” və “cız-bız”ı isə daha çox sevdiyini deyib. Jurnalist milli mətbəximizin bu ləziz təamlarını İçərişəhərdəki restoranların birində daddığını söyləyib.
Fotoqraf və bloger Kitti Gould isə Azərbaycanın artıq onun internet izləyicilərində də böyük maraq doğurduğunu bildirib. O, Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı təəssüratlarını bölüşərək muzeydə inanılmaz dərəcədə gözəl bir gün keçirdiyini vurğulayıb, xalçanın qədim toxunma üsulları ilə tanış olduğunu deyib.
Kassandra Çarlik azərbaycanlıların çox qonaqpərvər olduqlarını vurğulayıb. Avstraliya və Azərbaycanın oxşar cəhətlərinin də olduğunu bildirən qonaq hər iki ölkədə mətbəxin önəmli yer tutduğunu, insanları birləşdirdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın təbiətinə heyran qaldığını bildirib.
Avstraliyalı jurnalistlər səfər çərçivəsində Bakı ilə yanaşı, Qəbələ, Şəki və digər bölgələrdə də olublar. Qeyd edək ki, səfərin təşkilatçısı Avstraliyada yaşayan soydaşımız, bu ölkədə keçirilən “Masterchef” yarışmasında iştirak edən Samirə Dəmirovadır.