Qırğızıstanda türk-islam tarixinin böyük şairi, alimi və filosofu Yusif Balasaqunlunun (Yusif Has Hacib) qələmə aldığı “Qutadqu-bilik” (“Səadət gətirən elm”) siyasətnaməsinin 950 illiyi münasibətilə beynəlxalq konfrans təşkil olunacaq.

Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyindən verilən məlumata görə, bu barədə məsələ nazir Azamat Camankulov və Beynəlxalq Türk Akademiyasının rəhbəri, professor Darhan Kıdıralinin görüşündə müzakirə olunub.

Ölkə başçısı Sooronbay Jeenbekov tərəfindən də qəbul edilən D.Kıdırali yubiley münasibətilə keçiriləcək tədbirlərin planı haqqında məlumat verib.

S.Jeenbekov ümumtürk tarixi, mədəniyyəti və türk xalqlarının məşhur şəxsiyyətləri ilə bağlı beynəlxalq konfrans, forum və seminarlar təşkil edən Beynəlxalq Türk Akademiyasının aktiv fəaliyyətini təqdir edib.

Xatırladaq ki, Qırğızıstan torpaqlarında min il əvvəl İslamı qəbul edərək uzun müddət hökm sürən ilk türk dövlətlərindən olan Qaraxanlılar dövründə dünyaya gələn və Kaşqarda vəfat edən Yusif Balasaqunlunun “Qutadqu-bilik” əsərində siyasətnamə və nəsihətnamə məzmunlu hekayələr yer alıb.

Mehparə SULTANOVA
Ankara