“British Council”ın Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Bakıda “Müxtəliflik həftəsi” keçirilir.
Bizim məqsədimiz müxtəlif mədəniyyətləri bir araya gətirən mənalı, davamlı və qarşılıqlı münasibətlərin qurulmasına əsaslanır. Biz bunu bərabərlik, inklüzivlik və fərdilik prinsiplərinə dərin sadiqlik hissi olmadan həyata keçirə bilmərik.
Bu sözləri “Müxtəliflik həftəsi”nə həsr olunan tədbirdə “British Council”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah deyib.
Tədbirdə professor Pol Gibbs və Barbara Lisiçkin “Qlobal müxtəlifliyin idarə edilməsi – Buna dəyərmi?” adlı məruzə ilə çıxış ediblər.
Bildirilib ki, “British Council”un beş ölkədə həyata keçirdiyi araşdırmalar nəticəsində bu boşluqlar təhlil edilərək məruzədə öz əksini tapıb. Qeyd olunub ki, müxtəliflik gender, etnik mənsubiyyət, əlillik və yaş kimi kateqoriyaları əhatə edir. Qlobal səviyyədə bəlli məsələlərdən biri də odur ki, ünsiyyət və texnologiyaların inkişafı nəticəsində insanlar bir-birləri ilə daha da yaxınlaşır, əməkdaşlıq edir.
Sonra Sara Bartonun “Mütilikdən çıxmış həyatlar” qısametrajlı filmi təqdim olunub. Film ABŞ, Britaniya və Avstraliyada əlilliyi olan insanların hüquqlarının müdafiəsi hərəkatından bəhs edir.