Azərbaycan
16 may 1992 – Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (13.4.1917 – 1992) vəfat edib. Çəkdiyi filmlər: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi” və s.
17 may 1870 – Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 – 11.12.1933) Şuşada anadan olub. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ac həriflər” və s. pyeslərin, hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib. Teatr tamaşalarına quruluş verib. Bakı Dövlət Universitetində dərs deyib.
18 may 1906 – Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906-1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində doğulub.
18 may 1933 – Tanınmış ədəbiyyatşünas, biblioqraf, tərcüməçi Əmin Tahir oğlu Əfəndiyev (1933-2014) Qax rayonunun İlisu kəndində doğulub.
18 may 1968 – Əməkdar incəsənət xadimi, aşıq İslam Qara oğlu Yusifov (1893-1968) vəfat edib.
19 may 1898 – Xalq artisti, opera müğənnisi Hüseynağa Soltan oğlu Hacıbababəyov (1898 – 10.11.1972) Şamaxıda doğulub. Opera partiyaları ilə yanaşı, muğam və xalq mahnılarının mahir ifaçısı olub.
19 may 1910 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 – 1.4.1981) Göyçayda doğulub. “Qız qalası”, “Lenin”, “Qızılgül olmayaydı” poemaları, “Rənglər” şeirlər silsiləsi, “Vəfa”, “Görüş” pyesləri və s. əsərlərin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının sədri (1938-1939), Kinematoqrafiya naziri (1945-1948) olub.
19 may 1935 – Şair və tərcüməçi, Əməkdar incəsənət xadimi Vladimir Əbdüləzim oğlu Qafarov (1935 – 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.
19 may 1939 – Tanınmış yazıçı-publisist, türkoloq Əhməd bəy Ağaoğlu (Əhməd bəy Mirzə Həsən oğlu Ağayev; 1869, Şuşa – 1939) İstanbulda vəfat edib. “Kaspi”, “Həyat” qəzetlərinin redaktoru olub. İstanbul Universitetində dərs deyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Cümhuriyyətin süqutundan sonra Türkiyədə yaşayıb.
19 may 1959 – Xalq artisti Yeva (Yevgeniya) Nikitiçna Olenskaya (1900-1959) vəfat edib. Qubada doğulub. Azərbaycan dilini yaxşı bilib. 1919-cu ildən Dövlət Dram Teatrının aktrisası olub, milli opera və operettalarda da çıxış edib.
Dünya
16 may 1910 – Rus yazıçısı və şairəsi Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.
16 may 1915 – İtaliya kinorejissoru Mario Moniçelli (1915-2010) anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.
17 may Dünya İnformasiya Cəmiyyəti Günüdür (World İnformation Society Day). BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qətnaməsi ilə təsis edilib.
17 may 1873 – Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse; 1873-1935) anadan olub. Əsərləri: “Alov”, “Gerçək əhvalatlar” və s.
17 may 1904 – Fransız aktyoru Jan Qaben (Jean Gabin - Jean-Alexis Moncorge; 1904-1976) anadan olub. “Böyük illüziya”, “Qənimətə toxunma”, “Parisin havası” və s. filmlərdə çəkilib.
18 may Beynəlxalq Muzeylər Günüdür (İnternational Museum Day). 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzey Şurasının (İCOM) konfransında təsis olunub.
18 may 1048 – Fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 1048 - 4.12.1131) anadan olub.
18 may 1869 – Ləzgi Xalq şairi, aşıq Süleyman Stalski (Həsənbəyov; 1869-1937) anadan olub.
18 may 1872 – İngilis filosofu, riyaziyyatçı, ictimai xadim, ədəbiyyat üzrə Nobel mükafatı (1950) laureatı Bertran Rassel (Bertrand Arthur William Russell; 1872-1970) anadan olub.
19 may 1762 – Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762-1814) anadan olub.
19 may 1898 – İtalyan yazıçısı və mütəfəkkiri Yulius Evola (Julius Evola; 1898-1974) anadan olub.
Hazırladı: Vüqar ORXAN