ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhəri 28 mayı “Azərbaycan Milli Günü” elan edib.

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan verilən xəbərə görə, bununla bağlı şəhər meri Keyt Qayeqo (Kate Gallego) tərəfindən müvafiq bəyannamə imzalanıb. Bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanır. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Bəyannamədə, həmçinin dünyada yaşayan milyonlarla azərbaycanlının 28 Mayı Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı bildirilir.

Bəyannamənin sonunda mer K.Qayeqo 28 may tarixini Finiks şəhərində “Azərbaycan Milli Günü” elan edərək şəhər sakinlərini bu bayramı və Azərbaycanın uğurlarını qeyd etməyə çağırır.