İyunun 11-dən əcnəbi turistlərin ölkəyə gəlməsinə icazə verilib

Türkiyədə iyulun 1-dən turistlər üçün xüsusi COVİD-19 sığortası qüvvəyə minəcək. Ölkənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy turizmdə koronavirusa qarşı tədbirləri ehtiva edən “Yenidən kəşf et” konsepsiyası çərçivəsində Antalyada xarici ölkələrin səfirləri ilə görüşdə bu barədə məlumat verib.

Nazir bildirib ki, sığorta sistemi çox sadə və əlverişlidir. Turistlər  13, 15, 23 avroluq sığorta rəsmiləşdirərək həftəlik yerləşmə üçün məbləği 7000 avroyadək müalicə sığortası (əgər sığorta hadisəsi baş verərsə) əldə edə bilərlər.

“Avropalılar Türkiyədə istirahət etmək üçün darıxırlar. Yaxın bir-iki  həftəyə müsbət dəyişikliklər gözləyirik”, – deyə o bildirib.

Xatırladaq ki, Türkiyə hökuməti bu il iyunun 11-dən əcnəbi turistlərin ölkəyə gəlməsinə icazə verib. Bu, əsasən müalicə turizmi üçün ölkəyə gələnlərə aiddir.

Mədəniyyət və Turizm naziri bildirib ki, Türkiyə ərazisində yerləşən bütün hava limanlarında COVİD-19 test mərkəzləri fəaliyyət göstərəcək. Mərkəzlər daha çox sərnişin qəbul edən aeroportlarda iyulun 1-də, digərlərində isə iyulun 15-də açılacaq.

Bu arada Türkiyədə COVİD-19 pandemiyası ilə bağlı risklərin aradan qaldırılması məqsədilə daha iki günlük sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq. Qərara əsasən, ali məktəblərə qəbul imtahanı keçiriləcək günlər – iyunun 27-də yerli vaxtla saat 09:30-dan 15:00-dək, iyunun 28-də isə saat 09:30-dan 18:30-dək evdən çıxmağa məhdudiyyət elan olunub. Bundan əvvəlki sərtləşdirilmiş karantin rejimi liseylərə qəbul imtahanı keçirilən gün – iyunun 20-də saat 9:00-dan 15:00-dək tətbiq olunmuşdu.

MEHPARƏ
Ankara