Xalq şairi, Azərbaycan poeziyasının ən parlaq simalarından olan Səməd Vurğunun şeirləri Türkiyədə ilk dəfə kitab şəklində nəşr olunub.

Şeirləri türk dilinə qardaş ölkənin gənc şairi Kənan Çarboğa çevirib. Topluda şairin “Acı gülüşlər”, “Adsız şeir”, “Ana”, “Anamın gəlini”, “Bahar”, “Çiçək”, “Dağlar”, “Şəkil” və s. məşhur şeirləri yer alıb.

“Səməd Vurğundan seçmə şeirlər” adlı kitabın ön sözünün müəllifi Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərovdur. Kitabın redaktorları Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və şair, jurnalist Dəyanət Osmanlıdır.

Bu nəşr Kənan Çarboğa ilə Elçin Qafarlının birgə layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatı seriyasından birinci kitabdır. Layihə çərçivəsində Əhməd Cavadın, Mikayıl Müşfiqin və Cəfər Cabbarlının seçmə şeirlərinin də nəşr olunması nəzərdə tutulub.

Qeyd edək ki, bu yaxınlarda şair Kənan Çarboğanın “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türk dilində nəşr olunub.

Mehparə SULTANOVA
Ankara