İspaniyada və Latın Amerikası ölkələrində geniş izləyici kütləsinə malik olan “Tu Voz en Pinares” televiziya kanalında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı kəskin şəkildə pislənilib.

Telekanalın aparıcısı Mikaela de Pablonun təqdimatında yayımlanan proqramda Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətdən bəhs olunub.

Azərbaycan xalq mahnısı “Sarı gəlin”in sədaları altında yayımlanan proqramda müsəlman Şərqində ilk demokratik respublikanın davamçısı olan Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini əldə edən zaman Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasətinə məruz qalması, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonun işğal olunması faktı xüsusi olaraq vurğulanıb.

Verilişdə iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan dövlət sərhədinin pozulmasına cəhd edərək ölkəmizə qarşı hərbi təxribat törətməsi, bu cür əməllərin mənfur qonşularımızın təcavüzkar siyasətinin növbəti təzahürü olduğu diqqətə çatdırılıb.