“Qəzetlərin oxunaqlığının artırılmasında dizayn və rəng məsələləri də böyük önəm kəsb edir”

Müharibə təkcə cəbhədə, qoşunların təmas xəttində deyil, həmçinin informasiya məkanında da davam etməkdədir. Bu gün cəbhədə böyük şücaət göstərən hərbçilərimizlə yanaşı, informasiya müharibəsində qələmlərinin nə qədər güclü olduğunu bir daha nümayiş etdirən kütləvi informasiya vasitələrinin nümayəndələrinə dərin təşəkkürümü bildirir və hər birini milli mətbuatımızın 145 illik yubileyi münasibətilə təbrik edirəm.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov milli mətbuatın 145 illik yubileyi münasibətilə AZƏRTAC-a müsahibəsində deyib.

O, dövlət başçısının “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq keçirilən və planlaşdırılan tədbirlərdən bəhs edərək bildirib ki, tədbirlər koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi xüsusi qaydalar nəzərə alınmaqla reallaşdırılır.

Fond tərəfindən milli mətbuatın 145 illik yubileyi ilə bağlı “Əkinçi”dən başlayaraq bu günümüzədək çap olunan qəzetlərin onlayn sərgisi və Həsən bəy Zərdabinin Zərdab rayonundakı xatirə muzeyinə virtual səyahət təşkil olunub. Sərgi və virtual səyahət KİVDF-nin rəsmi saytı vasitəsilə nümayiş olunur. Bundan əlavə, milli mətbuatın 145 illiyi münasibətilə elan olunan fərdi jurnalist yazıları müsabiqəsinə iyulun 22-də yekun vurulub.

145 illik yubiley münasibətilə milli mətbuatın inkişaf yolundan bəhs edən sənədli film və videoçarx hazırlanıb və KİVDF-nin sosial şəbəkə hesabları, eyni zamanda televiziya kanallarında yayımlanıb.

Əhməd İsmayılov bildirib ki, jurnalistlər üçün əcnəbi ekspertlərin iştirakı ilə təlimlər keçirilməsi də nəzərdə tutulub. Sahə jurnalistikasının inkişafı istiqamətində işlər həyata keçiriləcək, bununla bağlı təhlillər aparılır.

“Azərbaycan çap mətbuatı tarixinin inciləri” adlı xüsusi yubiley jurnalının nəşr edilməsi də nəzərdə tutulur. Bundan əlavə, qəzet redaktorları üçün dünyada çap mediası sahəsində tendensiyalar və idarəetmə mövzularında xarici mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması gündəlikdə duran məsələlərdəndir.

KİVDF-nin icraçı direktoru bildirib ki, qəzetlərin oxunaqlığının artırılmasında dizayn və rəng məsələləri də böyük önəm kəsb edir: “Çap mediasının təkliflərinin müzakirəsi üçün redaktorlarla görüşlər keçirilir. Artıq bir sıra redaksiyalar qəzetlərini rəngli formatda çap etdirirlər. Bundan əlavə, dünya təcrübəsi nəzərə alınmaqla, “E-qəzet” formatının tətbiqi barədə də təhlillər aparılır və nəticələrə uyğun surətdə təkliflərimiz olacaq. Fondun onlayn media ilə əməkdaşlıq imkanları təhlil edilməkdədir. Təhlilin nəticəsinə uyğun olaraq yaxın gələcəkdə maraqlı və səmərəli layihələrlə çıxış etməyi düşünürük”.

Fondun qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqədə də nəzərəçarpacaq dəyişikliklər edilib. Müntəzəm nəşrlə bağlı tələbin 3 ildən 1 ilə endirilməsi, birdəfəlik tiraj və yayımla bağlı tələb olunan sayın azaldılması redaksiyalar üçün yeni imkanlar deməkdir.

İcraçı direktor vurğulayıb ki, bu gün müstəqil, güclü, müasir dövrün çağırışlarına cavab verməyi bacaran KİV-lərin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetləri sırasına daxildir.

“Media hər zaman ictimai rəyin formalaşmasında mühüm rol oynayıb və bu gün də bu belədir. Düşünürəm ki, KİV nümayəndələri yeni, dəqiq informasiya axtarışında hər zaman həvəsli olmalı, müasir trendləri izləməli, onları tətbiq etməli, beynəlxalq informasiya məkanında öz mövqelərini gücləndirməli, lakin bununla yanaşı, dövlətimizin maraqlarını daim nəzərə almalı və müdafiə etməlidirlər”, – deyə KİVDF-nin icraçı direktoru bildirib.