Niderland Krallığının Haaqa şəhərinin “Nieuw Eykenduynen” ( “Yeni İkendinen”) məzarlığında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin yeri dəyişdirilib və ətrafı abadlaşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, abidə 2007-ci ildə Holland-Azərbaycan Türk Kültür Dərnəyinin təşəbbüsü, azərbaycanlı və türk toplumunun dəstəyi ilə ucaldılıb. Niderlandda yaşayan soydaşlarımız hər il fevralın 26-da bu abidənin önünə toplaşır, Xocalı həqiqətlərini yerli və dünya ictimaiyyətinin nəzərinə çatdırırlar.

Holland-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildirib ki, çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğu nəzərə alınaraq abidənin məzarlıqda daha münasib yerə köçürülməsinə dair Haaqa şəhər bələdiyyəsi ilə danışıqlar aparılıb. Razılıq əldə olunduqdan sonra abidə daha geniş əraziyə köçürülüb, ətrafda abadlıq işləri görülüb.

Abidənin yaxınlığındakı lövhənin üzərində Azərbaycan və Niderland dillərində Xocalı soyqırımı barədə qısa məlumat yerləşdirilib. İndi burada daha çox ziyarətçinin toplanması və anım tədbirlərinin keçirilməsi üçün şərait yaradılıb.