Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Macarıstan səfiri ilə görüş
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Macarıstan Respublikasının Azərbaycandakı səfiri Viktor Szederkenyi arasında görüş keçirilib.
Görüşdə Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyası irsini beynəlxalq arenada tanıtmaq məqsədilə həyata keçirilən tədbirlərdən və gələcək planlardan söz açıb.
Günay Əfəndiyeva Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun müşahidəçi ölkəsi olduğunu vurğulayaraq, qarşılıqlı əməkdaşlığın, türk dünyası mədəniyyətinin daha da geniş şəkildə tanıdılması üçün birgə işlərin aparılmasının əhəmiyyətindən bəhs edib.
Viktor Szederkenyi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. Səfir macar xalqının və türkdilli xalqların eyni tarixi köklərdən gəldiyini qeyd edərək, bu böyük və zəngin mədəni xəzinənin təbliği və araşdırılması istiqamətində görülən işlərin önəmindən danışıb.
Söhbət zamanı bu il Budapeşt Universitetində Türkologiya kafedrasının yaradılmasının 150 illik yubileyi münasibətilə həyata keçiriləcək tədbir və layihələr də müzakirə edilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və səfirlik arasında əməkdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb.