Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın məruzəsi Türkiyənin Trabzon şəhərində onlayn keçirilmiş 8-ci Beynəlxalq mədəniyyət və sivilizasiya konqresinin toplusunda yer alıb.
Muzeydən bildirilib ki, “Ağdam dəfinəsində tapılmış Trabzon sikkələri önəmli numizmatik tapıntıdır” adlı məruzədə ötən əsrdə Ağdam şəhərində aşkarlanan, professor Yevgeni Paxomovun qeydə aldığı, lakin yetərincə nəzəri tədqiqata cəlb edilməyən 195 gümüş sikkədən ibarət dəfinə haqqında bəhs edilir. Məruzəçi dəfinədə Səlcuq sultanı IV Qılınc Arslan, Trabzon imperatoru II İoann Komnen, Çingizi hökmdarı Münke, Elxani hökmdarları Abaqa və Arqun xanın dövrünə aid gümüş sikkələrin səciyyəvi cəhətlərini təqdim edib. Həmçinin “xristian-hülakü” adlanan sikkə qrupu barədə məlumat verib. Vurğulayıb ki, dəfinə XIII əsrin II yarısının pul təsərrüfatının açıqlanmasına kömək edən faktiki vasitədir.