Azərbaycan

10 oktyabr 1907 – Şair, ədəbiyyatşünas Hümmət Əli oğlu Əlizadə (1907-1941) anadan olub.

10 oktyabr 1911 – Tanınmış ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 – 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub.

10 oktyabr 1912 – Əməkdar artist Rza Abbas oğlu Nadirov (1912-1995) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

10 oktyabr 1935 – Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935 – 19.11.1999) anadan olub. Bir çox şeirlərinə mahnılar bəstələnib.

10 oktyabr 1935 – Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935 - 13.7.1995) Lənkəran rayonunda anadan olub.

10 oktyabr 1939 – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru elmi dərəcəsi almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aida Nəsir qızı İmanquliyeva (1939 – 19.9.1992) Bakıda doğulub. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların müəllifidir. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru (1991-1992) olub.

 

11 oktyabr 1919 – Əməkdar artist Əyyub Cəfər oğlu Məmmədov (1919-1978) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

11 oktyabr 1938 – Yazıçı-jurnalist, tərcüməçi Emil Güləli oğlu Ağayev (1938-2016) Qazaxıstanın Çimkənd şəhərində doğulub. “Qara gölün cəngavərləri” bədii filminin, sənədli filmlərin ssenari müəllifidir.

11 oktyabr 1983 – Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (22.3.1900 – 1983) vəfat edib. Əsərləri: “Şamo”, “Ağbulaq dağlarında”, “Mehman”, “Qafqaz qartalı” və s. Azərbaycan Yazıçılar Birliyinin sədri olub.

 

12 oktyabr 1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov; 21.3.1924 – 1990) vəfat edib. “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı gəraylısı” kimi aşıq havalarının müəllifidir.

 

13 oktyabr 1918 – Əməkdar incəsənət xadimi, rəssam Lətif Əbdülbaği oğlu Feyzullayev (1918-1987) anadan olub. Abşeron təbiətinin koloriti, Xəzər neftçiləri ilə bağlı maraqlı əsərlərin müəllifidir.

13 oktyabr 1938 – Əməkdar artist Hamlet Ağadadaş oğlu Qurbanov (1938 – 15.11.1995) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Dədə Qorqud”, “O dünyadan salam” və s.),  televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

13 oktyabr 1938 – Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifov (1938 – 26.9.2008) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.

13 oktyabr 1940 – Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev; 1940 – 24.8.2017) Bakıda anadan olub. “Bir saatlıq xəlifəlik”, “Baş tutmayan hiylə” operettalarının, uşaqlar üçün musiqili səhnə əsərlərinin (“Tülkü, tülkü, tünbəki...”), mahnıların müəllifidir.

13 oktyabr 1940 – Əməkdar incəsənət xadimi, kinoşünas İmran Musa oğlu Xəlilov (1940 – 18.7.2000) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

13 oktyabr 1967 – Aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897-1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq” filmində (Yarməmməd) çəkilib.

13 oktyabr 1974 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə (15.12.1909 – 1974) vəfat edib. Əsərləri müxtəlif xarici muzeylərin eksponatları sırasındadır.

 

Dünya

10 oktyabr 1813 – İtalyan bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi; 1813 – 27.01.1901) anadan olub. “Riqoletto”, “Traviata”, “Aida” operaları dünya musiqi xəzinəsinə daxildir.

10 oktyabr 1892 – Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.

10 oktyabr 1913 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon; 1913-2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.

10 oktyabr 1930 – İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (1930-2008) anadan olub. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.

 

11 oktyabr 1885 – Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac; 1885-1970) anadan olub. “Məhəbbət səhrası”, “İlan yığnağı”, “Allah və Mammon”, “İsanın həyatı”, “Quzu” romanları, “Asmodey” pyesi və s. əsərlərin müəllifidir.

 

12 oktyabr 1896 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale; 1896-1981) anadan olub.

12 oktyabr 1924 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 – 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.

12 oktyabr 1935 – İtalyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 1935 – 6.9.2007) anadan olub.

 

13 oktyabr 1921 – Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand – İvo Livi; 1921-1991) anadan olub. Çəkildiyi filmlər: “Etiraf”, “Vəhşi”, “Silah seçimi”.

13 oktyabr 1934 – Rus aktyoru Saveli Kramarov (1934-1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

Hazırladı:  Vüqar ORXAN