Elmi konfransda Qarabağa həsr edilən xüsusi sessiya da keçirildi

Noyabrın 12-13-də Ankara şəhərində Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqı (BATHİ) və Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə qədim türk daş kitabəsinin 1300 illiyinə – “Bilgə Tonyukuk ili”nə həsr edilən 3-cü Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konfransı keçirildi. Pandemiya səbəbindən builki konfrans internet üzərindən təşkil edilmişdi.

İki gün sürən onlayn toplantıya Albaniya, Azərbaycan, Qazaxıstan, Kosovo, Kipr, Özbəkistan, Rusiya, Türkiyə, İran, Almaniya, ABŞ, Hindistan və Qırğızıstandan 400-ə yaxın elm adamı qoşulmuşdu və eyni vaxtda beş paralel paneldə məruzələrini təqdim etdilər. Konfransda ümumilikdə 74 sessiya keçirildi.

Konfransın açılış mərasimində Türkiyə təhsil nazirinin müavini, professor Mustafa Safran və Türk Eğitim-Sen-in və Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqının rəhbəri Talip Geylan çıxış etdilər. T.Geylan açılış nitqində tədbirin UNESCO tərəfindən 2020-ci ildə “Bilge Tonyukuk ili”nin elan edilməsi münsibətilə düzənlədiklərini bildirdi. O,  qədim daş kitabənin alimlər tərəfindən uşaqların anlaya biləcəyi səviyyədə sadələşdirilərək kitab halında nəşr olunacağını da diqqətə çatdırdı.

Onu da qeyd edək ki, konfransın sessiyalarının keçirildiyi salonlara Türk dünyasının tanınmış şəxsiyyətlərinin adları verilmişdi.

Konfrans Qarabağ mövzusuna həsr edilən panellərin keçirilməsi ilə də əlamətdar oldu. “Müasir hadisələrin işığında Qarabağ problemi” mövzulu paneldə Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, millət vəkili, professor Kamil Aydın və tarixçilər Yalçın Sarıkaya, Bahadur Bumin Özarslan iştirak edirdilər. Çıxışlarda Azərbaycan Ordusunun qələbələri təqdir edilməklə yanaşı həm işğal, həm də müharibə zamanı ermənilərin bölgədə törətdikləri təxribata görə, təzminat tələb edilməsinin vacibliyi qeyd olundu. Qeyd edək ki, konfransa Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə də qatılmışdı.

Toplantı Ziya Göyalp salonunda bağlanış mərasimi ilə başa çatdı.

Xatırladaq ki, Bilgə Tonyukuk abidəsinin 1300 illiyinin UNESCO-nun yubileylər proqramına təqdim edilməsi Türkiyənin təşəbbüsü, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dəstəyi ilə irəli sürülüb. İndiki Monqolustan ərazisində yerləşən Bilgə Tonyukuk daş kitabəsi (720-725-ci illər) VIII əsrə aid Göytürk yazılı abidələrindən biridir.

Mehparə SULTANOVA
Ankara