ABŞ-ın keçmiş prezidenti Barak Obamanın yeni nəşr olunan “Vəd olunmuş torpaq” adlı kitabı rekord sayda satış əldə edib. Kitab dünya üzrə bir gündə 890 min nüsxə satışla müasir tarixdəki memuarlar arasında ən çox satılan əsər kimi tarixə düşə bilər.

Kitabın nəşr olunduğu “Penguin Random House”dan  bildirilib ki, ilk günün satış sayı onlar üçün gözlənilməz olub. Bununla nəşriyyat da bir rekorda imza atıb.

Kitabın əvvəlcədən sifarişləri sırasında elektron və audio versiyaları da daxildir. 18 noyabr tarixində kitabın internet üzərindən satışı 50 min nüsxəni keçdikdən sonra bu rəqəmlər daha da artmağa başlayıb.

Obamanın yeni xatirələri B.Klintonun “Mənim həyatım” və C.Buşun “Qərar nöqtəsi” kitablarını məşhurluqda geri qoya bilib. 770 səhifəlik “Vəd olunmuş torpaq” xatirələri ABŞ-da prezident seçkilərindən iki həftə sonra təqdim olunub. Bu ilin avqustunda Obama kitabla bağlı məlumat verərkən xatirələrin COVİD -19 dövründə və ABŞ-da etirazların gücləndiyi bir zamanda yazıldığını xüsusi vurğulamış və onu ən çox narahat edən məsələ kimi ölkədə demokratiyanın böhran astanasında qalmasını bildirmişdi.

Qeyd edək ki, B.Obamanın bundan öncə yazdığı “Atamın arzuları” və “Ümidin cəsarəti” memuarlarının milyonlarla nüsxə satışı olub.

LALƏ