Zöhrə Əliyeva: «Ölkəmizə sonsuz marağın şahidi olduq»
   
   Ölkənin turizm potensialının beynəlxalq sərgilərdə təbliği turizm bazarının və səyahətlərin coğrafiyasının genişləndirilməsinə imkan verir. Məhz bu baxımdan da 2009-cu il başlayandan bu günə qədər Azərbaycan 12 beynəlxalq sərgidə iştirak edib. Bu sərgilərin sonuncusu Yaponiyanın paytaxtı Tokioda keçirilən “CATA-2009” Beynəlxalq Turizm Sərgisidir. Azərbaycan bu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov, Analitik təhlil və proqramlar təminatı şöbəsinin aparıcı məsləhətçisi, mətbuat katibi Zöhrə Əliyeva, həmin şöbənin məsləhətçisi Türkan İsmayılova, turizm şirkətlərindən «İmprotex Travel», «Geo Travel», «Alt Travel», «Ens Tours» və Azərbaycan Dövlət Rəqs Ansamblının altı nəfərlik qrupla təmsil olunub.
   
   
   Sərgi ilə bağlı təəssüratlarını bizimlə bölüşən Zöhrə Əliyeva bildirdi ki, tarixi 2003-cü ildən başlayan və artıq dünyanın inteqrasiya prosesində əhəmiyyətli yer tutan “CATA” sərgisi sentyabrın 18-20-də Tokionun “TOKYO BiQ SİGT” adlı biznes mərkəzində keçirilib: «Builki göstəricilərə görə, Asiya qitəsinin ən böyük, rəsmi adı Beynəlxalq Turizm Konqresi və Səyahətlər Yarmarkası olan bu sərgidə 150 ölkə iştirak edirdi. Hər il konqresin və yarmarkanın müəyyənləşdirilmiş mövzuları olur. Bu dəfə də konqresin mövzusu Asiya, yarmarkanın mövzusu isə Afrika ölkələri idi. Sərgidə Asiyadan Koreya, Tayvan, Çin, Nepal, Şri-Lanka, İndoneziya, Butan, Özbəkistan, Qazaxıstan, Vyetnam, Sinqapur, Kamboca, Bali, Filippin, Bruney, Papua Yeni Qvineya, Mikroneziya, Hindistan, Şimali və Cənubi Amerikadan Maldiv və Havay adaları, ABŞ, Kuba, Venesuela, Qvatemala, Yamayka, Peru, Meksika, Afrikadan Keniya, Qana, Qabon, Tanzaniya, Tunis, Uqanda, Efiopiya, Zambiya, Zimbabve, Avropadan İtaliya, Belçika, İspaniya, Yunanıstan, Fransa, Rusiya, Avstriya, Bosniya-Hersoqovina, Xorvatiya, Bolqarıstan, Almaniya, İslandiya, Gürcüstan, Portuqaliya, Sloveniya, İsveçrə, Estoniya, Latviya, Çexiya, Rumıniya, Azərbaycan və Türkiyə, Yaxın Şərqdən Qətər, BƏƏ, Oman, İran, İsrail, Yəmən və Yaponiyanın, səyahət büroları, hava yolları və turizm agentlikləri öz stendləri ilə çıxış edirdilər. CATA-nın Təşkilat komitəsinin iddialarına görə, bu il 100 minə yaxın ziyarətçi adıçəkilən sərgi vasitəsilə müxtəlif ölkələrin mədəniyyəti, yerli və xarici şirkətlərin turizm potensialı, yeni turizm istiqamətləri ilə tanış olub».   

   Turizm şirkətlərimiz yeni əməkdaşlıq müqavilələri imzalayıblar
   
   Azərbaycanın bu sərgidə artıq üçüncü dəfə iştirak etdiyini deyən Zöhrə xanım bildirdi ki, nazirliyin və turizm şirkətlərinin nümayəndələri sərgidə ölkəmizin turizm potensialını əks etdirən hər biri 500 ədəd olmaqla, “İpək yolu və Azərbaycan”, “Azərbaycan xalçaları”, “Bakının əyləncə mərkəzləri və restoranları”, “Bakının hotelləri”, “Bakının teatr və muzeyləri”, “Azərbaycanın tarix və mədəniyyət abidələri”, “Qarabağ” və “Şuşa ” bukletlərini, Bakının bələdçi və turistlər üçün məlumat kitabçalarını, “Qobustan”, “Bakıda İçərişəhər”, “Azərbaycan kulinariyası” kitabçalarını və 150 ədəd Azərbaycan turist xəritəsini sərgi iştirakçılarına və ziyarətçilərə yapon və ingilis dillərində təqdim ediblər: «Eyni zamanda turizm şirkətləri özlərinin çap məhsullarını da ziyarətçilərə təqdim edirdilər. Stendimizlə tanış olan qonaqlar Azərbaycanın gözəl mənzərələrini həm bukletlərdə görür, həm də CNN və BBC kanallarında nümayiş olunan reklam çarxlarından izləyirdilər. Rəqslərimiz isə bütün Asiya və Avropadan gələnlərin heyrətinə səbəb olmuşdu. Toplaşanlar Azərbaycan oğlan və qızlarının gözəlliyindən, milli geyimlərimizin və mətbəximizin zənginliyindən danışır, onlarla şəkil çəkdirmək üçün, demək olar ki, növbəyə düzülürdülər. Azərbaycan paxlavası, şəkərburası, yaponların özlərinin dediyinə görə, ağızlarını dada gətirmişdi. Rəqqasələrimiz ziyarətçiləri stendə dəvət edir, turizm şirkətlərinin nümayəndələri - Aleksandr Quliyev və Lətifə xanım, Aydın Bağırlı, Emil Nəsibov, Gülçin Yetirmişli isə onlara Azərbaycanın xəritəsi, mədəniyyəti və turizmi haqqında geniş məlumat verirdilər. Elə bunların nəticəsi olaraq da turizm şirkətlərimiz maraqlı təkliflər aldılar, bəzi şirkətlərlə isə qarşılıqlı əməkdaşlıqla bağlı müqavilələr imzaladılar».
   Qeyd edək ki, Azərbaycan nümayəndə heyətini Yaponiyadakı səfirliyimizin əməkdaşları diqqətdən kənarda qoymayblar. Tokioda təhsil alan üç nəfər azərbaycanlı tələbənin ölkəmizin təmsilçilərinə yaxından kömək etməsi isə daha yaddaqalandır. Zöhrə xanım bildirir ki, Natəvan, Kəmalə və Fərrux adlı tələbələr bütün sərgi boyu onlara dəstək olublar: «İngilis dilini çox pis bilən yaponlar və başqa Asiya millətləri ilə biz əsasən onların vasitəsilə danışırdıq».
   Müsahibimizin dediyinə görə, son iki ildə artıq üçüncü dəfədir ki, nazirliyin nümayəndəsi kimi ölkəmizi beynəlxalq sərgidə təmsil edir. Gəldiyi qənaət isə ondan ibarətdir ki, Azərbaycan turizminə, mədəniyyətinə, musiqisinə marağın getdikcə artdığının şahidi olur. «CATA-2009» sərgisinin davam etdiyi üç gün ərzində də bu diqqətin şahidi olublar: «Hər dəfə Azərbaycan rəqqasları ya rəsmi səhnədə, ya da stendin qarşısında çıxış edərkən ətrafa xeyli adam toplaşır, fotolar və videokameralar aramsız işləyirdi. Sərginin özəl məqamlarından biri də Ermənistanın stendində sərgilənən qondarma Dağlıq Qarabağ Respublikasının xəritəsinin Yaponiyadakı Azərbaycan səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsinin bəyanatı və təkidi ilə stenddən yığışdırılması oldu».
   
   Yeraltı şəhər: orada hər şey var
   
   Zöhrə xanımın Tokio ilə bağlı təəssüratları maraqlı olduğu qədər də zəngindir. İlk baxışdan bu şəhəri bəyənmədiyini deyən müsahibimiz bildirir ki, sonradan Tokioya heyran olub: «Tokio əvvəlcə bir şəhər kimi xoşuma gəlmədi. Hətta düşünürdüm ki, Azərbaycana qayıtdıqdan sonra bir məqalə yazıb adını da «Tokionu bəyənmədim» qoyacam. Çünki istər-istəməz Azərbaycanın klassik memarlığına, açıq səmimiyyətinə öyrəşən insanlar üçün soyuq mədəni rəftar, gecə şəhəri az qala gündüz kimi göstərən möhtəşəm işıqlar, iki-üç mərtəbəli şəhər meydanları, yeraltı və yerüstü qatarlar, içindən güclə baş açdığımız labirint metro, bəlkə də hələ dünyanın heç yerində bu qədər gəlişməmiş modern memarlıq və onunla yanaşı, az qala görünməz olan milli abidələr ilk baxışdan diqqəti cəlb etmir. Sonra isə hər addımda şahidi olursan ki, sənayenin və intellektin təntənəsi insanın gözlərini qamaşdırır. Tokio metrosu o qədər böyükdür ki, sutkanın yarısını orada keçirsən də, bunu hiss etmirsən. Təsəvvür edin ki, bir şəhər də ordadır. Burada abidələr, fəvvarələr, yeməkxanalar, əyləncə mərkəzləri, bir sözlə, insanın istifadə etdiyi hər şey var».
   Sonda Z.Əliyeva əminliklə bildirdi ki, Beynəlxalq Turizm Konqresi və Səyahətlər Yarmarkasının təşkilatçılarının dünya iqtisadiyyatının “bu mürəkkəb böhran dönəmində dünyanı yenidən canlandırmaq” kimi böyük iddialarının həyata keçməsində nəinki Azərbaycanın da payı var, hətta onsuz dünyanın mənzərəsi xeyli solğun görünər.
   
    Fəxriyyə ABDULLAYEVA