Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müxtəlif ölkələrin ədəbiyyat və mədəniyyət portallarında materiallar dərc olunur. 

Layihə çərçivəsində Rusiyanın “author.today” ədəbiyyat portalında dövrünün tanınmış şairəsi, Qarabağ xanlığının hökmdarı İbrahimxəlil xanın qızı, İran Qacarlar səltənətinin hökmdarı Fətəli şahın xanımı Ağabəyim ağa Cavanşirin (1782-1832) həyatı və yaradıcılığı haqqında məlumat verilib.

Mənbələrdə qeyd olunur ki, Ağabəyim ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənmişdi. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüşdü.

Fətəli şahın sarayına getdikdən sonra, min naz-nemət içində yaşada da, əslində qərib bir diyarda ömür-gün sürən Ağabəyim vətən həsrətini söylədiyi bayatılarda dilə gətirir:

Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!