Misirin zəngin kitabxanalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi ilə bağlı yeni əlyazmaların tədqiqi davam edəcək. Bu, “Nizami Gəncəvi İli”nə töhfə olacaq.

Bu barədə məlumat verən Qahirə Universitetinin professoru Seymur Nəsirov qeyd edib ki, 2015-ci ildə dünyanın ən zəngin kitabxanalarından biri olan “Misir Kitablar Evi”ndə (Dəru əl-Kutub əl-Misriyyə) Nizami Gəncəvinin altı əlyazmadan ibarət “Xəmsə”si tapılmışdı. Bu istiqamətdə tədqiqatlar davam etdirilir.

Alim bildirib ki, Nizami Gəncəvi, onun doğulduğu Gəncə şəhəri haqqında bir çox ərəb alimlərinin əsərlərində bəhs olunub. XIII-XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini “Əsar ül-biləd və əxbər ül-ibəd” əsərində Azərbaycanın Gəncə şəhərindən söhbət açarkən yazır ki, “dahi və müdrik şair Əbu Məhəmməd Nizami bu şəhərdəndir”.

Qəzvini Əbu Məhəmməd Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” kimi əsərlərinin olduğunu, “Xosrov və Şirin” əsərində dini nəsihətlərdən, hikmətli kəlamlardan, atalar sözləri və gözəl hekayələrdən çox istifadə edildiyini yazır.

XVII əsrdə yaşamış böyük alim Hacı Xəlifə öz “Kəşf əz-Zunun” (“Şübhələri üzə çıxarmaq”) əsərində “Xəmsə” (beşlik) adı ilə məşhur olanların adlarını çəkərkən deyir: “Onlardan biri də Şeyx Cəmaluddin İlyas ibn Yusuf bin Muəyyid Nizami əl-Kəncəvidir”. (Ərəb dilində “g” hərfi olmadığından, onu ya c ilə, ya da k ilə ifadə edirlər).

S.Nəsirovun sözlərinə görə, fars dilində yazmış Nizaminin Azərbaycan şairi olması barədə ərəb dünyasında daha çox təbliğata ehtiyac var. “Hər hansı şairin əsərlərinin yazıldığı dil onun milli mənsubiyyətinin göstəricisi ola bilməz. Mən ərəb mənbələrində araşdırma əsnasında yüzlərlə azərbaycanlı alimin adına rast gəldim ki, onlar bütün əsərlərini ərəb dilində yazıblar. Ərəb alimləri onların azərbaycanlı olduğunu birmənalı şəkildə qəbul edirlər. Bu mövzu ilə ətraflı tanış olmaq istəyənlər Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərəb dilində çap edilmiş “Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılığı” adlı kitaba müraciət edə bilərlər. Kitabda müxtəlif ərəb mənbələrindən toplanmış yüz azərbaycanlı alim və ədib haqqında materiallar təqdim edilib”, – deyə o bildirib.