Gürcüstan fevralın 1-dən sərnişin daşınması üzrə beynəlxalq aviareysləri bərpa edəcək. Uçuşlar COVİD-19 virusu ilə əlaqədar bütün təhlükəsizlik tədbirlərinə və tibbi protokollara tam riayət olunmaqla həyata keçiriləcək.
Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava deyib.
Onun sözlərinə görə, hökumət müxtəlif ölkələrdən Gürcüstana gəlmək istəyən xarici vətəndaşlara tətbiq olunan qadağaların da yumşaldılması məsələsini nəzərdən keçirir. Bu yumşaldılma ilk növbədə Avropa İttifaqına üzv dövlətlərin, İsrail və Körfəz ölkələrinin vətəndaşlarına tətbiq olunacaq.
Nazir Gürcüstanın yay aylarında bütün ölkələrdən turistləri qəbul edə biləcəyini bildirib.
Qeyd edək ki, Gürcüstan 2020-ci ilin mart ayından sərnişin daşınması üzrə bütün beynəlxalq uçuşlara qadağa qoymuşdu. Hazırda Gürcüstandan Berlin, Münxen, Paris, Riqa, Amsterdam, Afina, Varşava, Vilnüs, Dortmund, Doha və Milan şəhərlərinə müntəzəm olmayan aviareyslər həyata keçirilir.