Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat laboratoriyası tərəfindən Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin “Azərbaycanın klassik 12 instrumental muğamı” adlı kitabının təqdimatına həsr olunmuş onlayn konfrans keçirilib.
Akademiyanın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə konfransda çıxış edərək kitabın geniş musiqi ictimaiyyətinin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin istifadə edə biləcəyi çox lazımlı tədris vəsaiti olduğunu bildirib.
Sonra BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanalogiya və akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə “Arif Əsədullayevin elmi fəaliyyətinə bir nəzər” adlı məruzə ilə çıxış edib.
Bildirilib ki, 20 ildən artıqdır Azərbaycan instrumental muğamlarını nota salmaqla məşğul olan Arif Əsədullayevin bununla bağlı 5 məcmuəsi işıq üzü görüb. Bu məcmuələr həm tədris repertuarı kimi, həm də solist-ifaçılar üçün qiymətli vasitələrdir. Görkəmli muğam bilicisi Azərbaycanın klassik 7 instrumental muğamını – “Çahargah”, “Humayun”, “Rast”, “Bayatı-Şiraz”, “Zabul segah”, “Şur” və “Şüştər” muğamlarını ilk dəfə olaraq ayrı-ayrılıqda nota yazıb. O, həmçinin “Mahur hindi”, “Orta Mahur”, “Bayatı-Qacar”, “Bayatı-kürd”, “Vilayəti-Dilkeş”, “Şahnaz”, “Qatar”, “Rahab”, “Dügah”, “Dəşti”, “Şüştər”, “Xaric segah” instrumental muğamlarını yeni kitabında geniş musiqi ictimaiyyətinə təqdim edərək, muğam sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə olduğu kimi, dəyişikliklərə məruz qalmadan çatdırılmasında böyük xidmət göstərib.
Sənətşünaslıq namizədi, dosent Dilbər Məmmədova dahi Üzeyir Hacıbəylinin “Xalq musiqisinin əsasları” kitabından, muğamların səs düzümündən və Arif müəllimin nota aldığı instrumental muğamların temperasiyalarından söhbət açıb. Xalq artisti, professor Eldar İsgəndərov Arif Əsədullayevlə birlikdə yazdıqları “7 klassik Azərbaycan muğamı” solo violonçel üçün işlənmiş dərs vəsaiti haqqında öz fikirlərini bildirib.
Videokonfransda elmi tədqiqat laboratoriyası əməkdaşlarının elmi məruzələri dinlənilib.
Sonda Arif Əsədullayev konfransın təşkilatçı və iştirakçılarına minnətdarlığını bildirib.