İsrail dünyada birinci yerdədir
2020-ci ilin dekabrından başlayaraq müxtəlif ölkələrdə koronavirusa (COVİD-19) qarşı vaksinasiya aparılır. Bir çox kasıb ölkələr vaksinlər əldə etməkdə çətinlik çəkir və bu prosesə hələ başlamayıblar. Eyni zamanda vaksinasiya prosesində liderlər də məlumdur.
İsrail dünyada əhalisinin yarıdan çoxunun koronavirusa qarşı peyvənd olunduğu ilk ölkədir. Fevral ayının ilk həftəsi üzrə məlumatlara görə, 8,9 milyon əhalisi olan İsraildə 5,54 milyon nəfər, yaxud əhalinin 62,4 faizi peyvənd edilib.
Bu göstərici üzrə ikinci yeri Birləşmiş Ərəb Əmirlikləri (44,79 faiz), üçüncü yeri Seyşel Adaları (40,49 faiz) tutur. Böyük Britaniyada əhalinin 18,95 faizi, ABŞ-da 12,84 faizi peyvənd olunub.
Vaksinasiya edilənlərin ümumi sayına gəlincə, hazırda liderlik Birləşmiş Ştatlara məxsusdur – 42 milyon nəfər. İkinci yerdə Çin (31,2 milyon nəfər), üçüncü yerdə isə Böyük Britaniya (12,6 milyon nəfər) gedir.
Ümumilikdə fevral ayının ilk həftəsi üzrə məlumata görə, dünyada 131,9 milyon nəfər və ya planet əhalisinin 1,7 faizi peyvəndlənib.