Azərbaycan
17 fevral 1895 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 1895 – 1.10.1965) Bakının Masazır kəndində doğulub. Nizami, Xaqani, Füzuli, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
17 fevral 1919 – Ədəbiyyatşünas, mətnşünas, klassik poeziyanın bilicisi Əli Fəhmi (1919 – 13.3.1975) Bakının Sabunçu qəsəbəsində anadan olub.
17 fevral 1920 – Dilçi-filoloq, professor, Əməkdar elm xadimi Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.
17 fevral 1926 – Xalq artisti Sofya Həsən qızı Hüseynova (1926 – 30.7.2015) Naxçıvanda doğulub. Naxçıvan teatrının ilk azərbaycanlı aktrisası Xədicə Qazıyevanın qızıdır, uzun illər bu sənət ocağında çalışıb.
17 fevral 1945 – Əməkdar artist Vəli Allahverdi oğlu Babayev (1945-1989) Naxçıvanda anadan olub. Naxçıvan Musiqili Dram Teatrının baş rejissoru işləyib.
17 fevral 1958 – Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893-1958) vəfat edib. Krım türküdür. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. “Kəndlilər”, “Səbuhi”, “Bəxtiyar” və s. filmlərdə çəkilib.
17 fevral 1992 – Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı. İşğal nəticəsində kəndin 90-dək sakini öldürülüb.
18 fevral 1201 – Böyük riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 – 23.6.1274) Həmədan şəhərində anadan olub. Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər Şərqin mötəbər elm mərkəzlərindən olub. “Əxlaqi-nasiri” etik traktatı, fəlsəfəyə dair əsərlərin müəllifidir.
18 fevral 1924 – Əməkdar artist Osman İsmayıl oğlu Hacıbəyov (1924-1979) Şuşa şəhərində doğulub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub.
18 fevral 1925 – Publisist, tərcüməçi Hacı Əliheydər oğlu Hacıyev (1925-2008) anadan olub. Uzun illər Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edib.
18 fevral 1934 – Yazıçı-dramaturq Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyеv; 1934-1986) Ucar rayonunda (əslən Ermənistanın Sisyan rayonunun Ağudi kəndindəndir) anadan olub. “Azərbaycan gəncləri” qəzetinin redaktoru, “Kirpi” jurnalının baş redaktoru işləyib. Əsərləri: “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Yol ayrıcında” və s.
18 fevral 1947 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 – 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.
19 fevral 1897 – Xalq artisti Antonina Mixaylovna Filippova (1897-1976) anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktrisa kimi (1935-1950) fəaliyyət göstərib.
19 fevral 1921 – Əməkdar artist, tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradov (1921-1969) Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrinin solisti, konsertmeysteri olub, musiqi məktəblərində dərs deyib.
Dünya
17 fevral 1600 – İtalyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno; 1548-1600) inkvizisiyanın (Katolik kilsəsinin məhkəməsi) qərarı ilə edam edilib.
17 fevral 1906 – Rus-sovet yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, kinofilm ssenarilərinin müəllifi Aqniya Lvovna Barto (1906-1981) anadan olub.
18 fevral 1838 – Avstriya filosofu, pozitivizmin tanınmış nümayəndəsi Ernst Max (Ernst Mach; 1838-1916) anadan olub.
18 fevral 1932 – Çex əsilli Amerika kinorejissoru Miloş Forman (Milosh Forman – Jan Tomash Forman; 1932 – 13.4.2018) anadan olub. “Qu quşunun yuvası üzərindən uçuş” filmi (1975) 5 nominasiyada, “Amadey” filmi (1984) 8 nominasiyada “Oskar” mükafatına layiq görülüb.
18 fevral 1934 – Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov (1934-2017) anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm!” filmində çəkilib.
19 fevral 1473 – Məşhur polyak astronomu, riyaziyyatçı, mütəfəkkir Nikolay Kopernik (1473 – 24.5.1543) anadan olub. Elmdə ilk inqilab sayılan dünyanın heliosentrik sistemi (planetlərin günəş ətrafında fırlanması) nəzəriyyəsinin banisidir.
19 fevral 1743 – İtalyan bəstəkarı Luici Bokkerini (Luigi Boccherini; 1743-1805) anadan olub.
19 fevral 1821 – Alman dilçi alimi, linqvistikanın tanınmış simalarından biri Avqust Şleyxer (August Schleicher; 1821-1868) anadan olub.
Hazırladı: Vüqar ORXAN