ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Marsa enən “Perseverance” tədqiqat aparatının çəkdiyi rəngli fotoşəkilləri “Twitter” sosial şəbəkəsində yayıb.

Kadrların birində “qırmızı planet”in səthi, digərində onun üfüq xəttinin peyzajı, üçüncü kadrda isə enişdən öncə aparatın özü görünür.

“Perseverance” tədqiqat aparatı yeddi aylıq uçuşdan sonra fevralın 18-də “Jezero” krateri rayonunda Marsa eniş edib. “Mars 2020” missiyası ötən ilin iyul ayında start götürüb. NASA-nın tarixində beşinci Mars aparatı olan “Perseverance” planetin quruluşu və geologiyasının tədqiqi üçün nəzərdə tutulan yeddi elmi alətlə, həmçinin 25 kamera və iki mikrofonla təchiz olunub.

Aparatın əsas məqsədi Mars səthindən gələcəkdə Yerə çatdırılması nəzərdə tutulan süxur nümunələri toplamaqdır. Onun göyərtəsində Qırmızı planetin atmosferindən oksigen almaq üçün eksperimental qurğu, həmçinin başqa planetdə ilk uçuşu həyata keçirəcək “kosmik helikopter” də var. NASA-nın hədəfi 2030-cu illədək Mars planetinə insan göndərmək imkanlarına nail olmaqdır.

CAVİD