“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Turizm İnstitutunda (ATİ) Elmi Şuranın iclası keçirilib. Tədbirdə çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov Dövlət Proqramının əhəmiyyətini qeyd edərək, onun icrasının ölkəmizdə turizm sektorunun inkişafına güclü təkan verəcəyini vurğulayıb.
   
   Rektor bildirib ki, Dövlət Proqramı təkcə 2010-2014-cü illərin deyil, ölkədə turizm sahəsinin inkişafının uzunmüddətli strateji maraqlarını özündə ehtiva edir: «Proqramda nəzərdə tutulmuş problemlərin uğurlu həlli ölkəmizdə turizm sənayesinin və infrastrukturunun möhkəmlənməsinə, dövlət və bələdiyyə orqanlarının öz fəaliyyətlərini daha da gücləndirməsinə zəmin yaradacaq. Sənəddə turizm şəbəkəsinin coğrafiyasını və mövcud qorunan obyektlərdən istifadə hüquqlarının müəyyənləşməsi, turizm fəaliyyətinə başlama, ərazilərin hüquqi tənzimlənməsi, nəzarətin təşkili üsullarının təkmilləşdirilməsi bir vəzifə kimi qarşıya qoyulub».
   Rektor bildirib ki, sənəddə göstərilən müddəaları əsas tutaraq institutun kollektivi tədris, təlim və tədqiqat sahəsində işini qurmağa səy göstərir.
   Elmi Şurada çıxış edən ATİ-nin turizmin təşkili və idarəedilməsi fakültəsinin dekanı Nəsir Nəsirli tədris proqramlarının yeniləşdirilməsi, turizm təhsilli diplomatların hazırlanması, eləcə də turizm infrastrukturunun yeni əsaslarla möhkəmləndirilməsi, təlim mərkəzinin yaradılması barədə danışıb.
   Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov isə turizm sahəsində xarici ölkələrin təcrübəsini öyrənmək üçün tələbə mübadiləsinin əhəmiyyətini önə çəkib. O, 2010-cu ildə institutun 5 tələbəsinin İsraildə təcrübə keçdiyini, bu il isə 9 tələbənin bu ölkəyə göndəriləcəini deyib: «Tələbələrimiz Yunanıstan, Kipr, Türkiyə, Malta, Ukrayna və Rusiyada da təcrübə keçmək imkanı qazanıblar».
   Kafedra müdiri Sənan Əliyev isə belə bir müqayisə gətirib: “Hollandiya gül-çiçəyi ilə, Türkiyə daha çox xəz-dəri məmulatları ilə, İtaliya tarixi ilə turistləri özünə cəlb edir. Bakıya gələn turistlərə isə biz yalnız Qız qalası suvenirini təklif edirik. Yaxşı olardı ki, ölkəmizə gələn turistlərə regionlarımızın tarixiliyini sübut edən əşyaların satışını təşkil edək, Azərbaycan mətbəxinin nümunələrini nümayiş etdirək».

Fəxriyyə