Mahir Qəhrəmanov: «Beynəlxalq turizm bazarına inteqrasiya olunmaq imkanlarımız artacaq»
“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təqdimatı ilə bağlı aprelin 13-də keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanda turizm statistikasının və ümumi turizm qanunvericiliyinin təkmilləşdirilməsi işinə başlanılıb.
Bu mənada daxili statistikanın təşkilinin mürəkkəb proses olduğunu deyən nazirin sözlərinə görə, bu ildən etibarən Ümumdünya Turizm Təşkilatı Azərbaycanda ildə 4 dəfə seminar keçəcək. Həmin seminarlara region ölkələri dəvət ediləcək. Məqsəd 2014-cü ildə Azərbaycanın iqtisadi rəqəmlərində turizm sənayesindən əldə edilən gəlir və xərclərin şəffaf hesablanmasına, dövlət büdcəsinin gəlirlər hissəsində turizmin payının müəyyənləşdirilməsinə nail olmaqdır. Ə.Qarayev onu da dedi ki, bütün bunlar nəzərə alınaraq, «Turizm haqqında» yeni qanun qəbul ediləcək.
Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov yeni qanunun hazırlanması ilə bağlı qəzetimizə açıqlama verib: «Hazırda qüvvədə olan Azərbaycan Respublikasının «Turizm haqqında» qanunu və 2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı çərçivəsində biz müvafiq işlər görmüşük. Dünyada turizmin inkişaf tendensiyası elədir ki, bundan sonrakı mərhələdə daha yüksək səviyyədə beynəlxalq turizm bazarına inteqrasiya olunmaq, dünya standartlarına uyğun turizm xidmətini təşkil etmək, keyfiyyəti yaxşılaşdırmaq, turizm insan ehtiyatlarının hazırlanmasını beynəlxalq şərtlərə uyğunlaşdırmaq, ölkənin turizm potensialını daha geniş təbliğ etmək baxımından yeni qanuna ehtiyac var. Yeni qanun bizə imkan verəcək ki, daha geniş təsir vasitələrini işə salaq. Bu, nə üçündür? Bu, turizm xidməti infrastrukturunun genişləndirilməsi, yerləşdirmə obyektlərinin sayının artırılması, mədəniyyət obyektlərinin turizm nümayiş obyekti kimi istifadə olunmasının təşkili, yeni ərazilərin seçilməsi, regionlarda turizmin inkişafı, turizmin müxtəlif növlərinin təşviqi baxımından bizə əlavə imkanlar verəcək. Bu qanun çərçivəsində yuxarıda qeyd etdiyim vəzifələrin öhdəsindən gələ biləcəyik».
M.Qəhrəmanov deyir ki, əvvəlki qanun o dövrün tələblərini həyata keçirmək üçün nizamlanıb, yeni qanun isə bu gün üçün aktualdır: «Artıq müstəqil Azərbaycanın turizm sahəsində müəyyən təcrübəsi var. Hazırda ölkə daxilində sərgilər keçirilir, beynəlxalq turizm sərgilərində Azərbaycanın iştirakı təmin edilir, ölkəmizin turizm potensialı dünyanın ən məşhur kanallarında reklam olunur. Azərbaycanın tanıtım prosesi getdikcə daha da genişlənir. Əvvəllər beynəlxalq sərgilərdə yalnız nazirlik təmsil olunurdusa, indi bu sıraya turizm şirkətləri də qoşulub. Hətta elə sərgilər var ki, biz turizm şirkətləri arasında seçim etməli oluruq. Bu kimi məsələlərin həllində də yeni turizm qanununa ehtiyac vardır».
Nazirlik rəsmisinin sözlərinə görə, artıq yeni qanunun layihəsi hazırlanıb. Bununla bağlı yaradılmış işçi qrupuna müvafiq dövlət qurumlarının nümayəndələri də daxildir: «Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev işçi qrupunun üzvləri ilə bir neçə dəfə görüş keçirib. Qanunun ilkin variantı müzakirəyə təqdim edilib. Lazımi formatı tapmaq üçün müvafiq nazirliklərə razılaşmalar əldə ediləcək. Çünki yeni qanun bütünlüklə Azərbaycan Respublikası qanunvericiliyi ilə uyğunlaşdırılmalıdır. Yeni qanunda beynəlxalq normalar, bu çərçivədə Mədəniyyət və Turizm Nazirliyi qarşısında duran vəzifələr, eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiya olunmaq üçün lazım olan fəaliyyətin tənzimlənməsi kimi məsələlər öz əksini tapacaq».
Fəxriyyə Abdullayeva