Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin hobbilərindən biri də rəsm çəkmək olub. Ölümündən illər sonra onun çəkdiyi rəsmlərə hərraclarda maraq var.
Bu yaxınlarda Çörçillin bir tablosu Londondakı hərracda 7 milyon funt-sterlinqə satılıb. 2011-ci ildə amerikalı aktrisa Ancelina Coli tərəfindən alınmış tablonun bu dəfə hərracda kimə satıldığı açıqlanmayıb.
Çörçill bu rəsm əsərini İkinci Dünya müharibəsi zamanı 1943-cü ildə Mərakeşdə keçirilmiş konfrans zamanı çəkib. “Koutoubia Məscidinin qalası” adlanan tablo Mərakeş şəhərində qürub çağını əks etdirir. Çörçill konfransdan bir gün sonra şəhərdə qalaraq bu tablonu ABŞ Prezidenti Franklin Ruzveltə ad günü hədiyyəsi olaraq göndərib.
Qeyd edək ki, Uinston Çörçillin çəkdiyi rəsmlər əvvəllər maksimum 1,8 milyon funt-sterlinqə satılıb.