Yaponiyalı milyarder Yusaku Maedzava İlon Maskın “SpaceX” şirkətinin raketi ilə Ay səyahətində ona yoldaşlıq edəcək 8 nəfər axtarır.

Maedzava 2023-cü ildə təşkil olunacaq səyahətin bütün xərclərini özü ödəyəcəyini bildirib. O, “Youtube” kanalındakı paylaşımında yazıb: “Bəşəriyyətə fayda verə biləcək hər insanı dəvət edirəm”.

Milyarder mesajında vurğulayıb ki, kosmik gəmidəki bütün yerləri satın aldığı üçün bu, məxsusi bir səyahət olacaq: “8 nəfər axtarıram, “SpaceX” istehsalı olan “Starship” raketi ilə gedəcəyik. Getmək 3 gün, dönmək 3 gün çəkəcək”. O, tanınmış müğənni, rəqqas və ya yazıçı, yaxud kreativ bir şey edə biləcək insanları özü ilə Aya aparmaq fikrindədir.

Maedzava videomesajında ona ünvanlanan “Qorxmursunuz ki” sualına “Bir az qorxuram, amma marağım daha çoxdur. “SpaceX” komandasına və İlon Maska güvənirəm”  cavabını verib.

Yapon milyarder layihə çərçivəsində “SpaceX” kompaniyasına nə qədər pul ödədiyini açıqlamayıb.

Xatırladaq ki, Maedzava ötən ilin yanvarında Aya ilk turist səfərini bron etməsi ilə məşhurlaşmışdı. O, səfərə özü ilə bir xanım aparmaq üçün müsabiqə də elan etmiş, qayıtdıqdan sonra həmin xanımla evlənəcəyini bildirmişdi. Bundan sonra 30 minə yaxın xanım müraciət etsə də, milyarder onların içindən bircəciyini seçə bilmədi...

CAVİD