Azərbaycan
10 mart 1873 – Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bu tarix Azərbaycanda peşəkar milli teatrın yarandığı gündür. Prezident İlham Əliyev 2013-cü il tarixdə 10 mart – Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
10 mart 1878 – Böyük yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə (30.6.1812 – 1878) Tiflisdə vəfat edib. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Xırs quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.
10 mart 1915 – İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Qəmər Hacağa qızı Almaszadə (1915 – 7.4.2006) anadan olub. Professional səhnəni tərk etdikdən sonra Dövlət Opera və Balet Teatrının baş baletmeysteri olub (1953-1972), Bakı Xoreoqrafiya Məktəbinin direktoru işləyib.
10 mart 2004 – Xalq artisti, məşhur aktrisa Nəsibə Cahangir qızı Zeynalova (20.4.1916 – 2004) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb. Filmlərdə (“Ögey ana”, “Ulduz”, “Qanun naminə”, “Qayınana” və s.) maraqlı obrazlar yaradıb.
11 mart 1883 – Naxçıvanda (Hacı Nəcəf Zeynalovun evində) yazıçı, maarifçi Eynəli bəy Sultanovun rəhbərliyi ilə M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tamaşası oynanılıb. Bu gün Naxçıvan teatrının təşəkkül tarixi sayılır.
11 mart 1925 – Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (Bəşir Səfər oğlu Səfərov; 1925 – 24.3.1969) Bakıda anadan olub. Musiqili Komediya Teatrında tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə çəkilib.
11 mart 1942 – Tanınmış aktrisa Lütfiyyə Şamil qızı Səfərova (1942-2010) Bakıda doğulub. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.
12 mart 1904 – Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) İsmayıllı rayonunun Basqal kəndində doğulub. “Yoxuşlar”, “Müharibə”, “Dostluq qalası”, “Dünya qopur” və s. romanların müəllifidir.
12 mart 1906 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 1906 – 10.6.1989) Bakıda anadan olub. Kitabları: “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s. Azərbaycan SSR Ali Sovetinin sədri olub.
12 mart 1933 – Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov; 1933 -12.12.2002) Xızı rayonunun Upa kəndində doğulub. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri” və s.) bəstələnib. Milli Məclisin deputatı (1995-2000) olub.
12 mart 1936 – Yazıçı-publisist Əmir Gülbala oğlu Mustafayev (1936-2007) anadan olub.
12 mart 1942 – Fəlsəfə elmləri doktoru, AMEA-nın akademiki Əfrand Firudin oğlu Daşdəmirov (1942 – 7.4.2015) Bakıda anadan olub.
Dünya
10 mart 1772 – Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şlegel (Friedrich Schlegel; 1772-1829) anadan olub.
10 mart 1930 – Litva şairi, yazıçı, dramaturq Yustinas Marsinkyaviçus (1930- 2011) anadan olub.
11 mart 1544 – İtalyan şairi Torkvato Tasso (Torquato Tasso; 1544-1595) anadan olub.
11 mart 1818 – Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub.
12 mart 1672 – İrland əsilli ingilis yazıçısı, maarifçi ədəbiyyatın banilərindən biri Riçard Stil (Richard Steele; 1672-1729) anadan olub.
12 mart 1685 – İngilis filosofu, subyektiv idealizmin tanınmış simalarından biri (spiritualist) Corc Berkli (George Berkeley; 1685-1753) anadan olub.
12 mart 1728 – Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs; 1728-1779) anadan olub.
12 mart 1937 – Tanınmış gürcü opera müğənnisi (tenor), SSRİ Xalq artisti Zurab Lavrentyeviç Sotkilava (1937-2017) anadan olub.
Hazırladı: Vüqar ORXAN