Dünyanın ən böyük boyakarlıq əsəri satılıb

Britaniyalı rəssam Saşa Cefrinin (Sacha Jafri) çəkdiyi dünyanın ən böyük boyakarlıq əsəri Dubay şəhərində keçirilən hərracda satılıb.

Ümumi ölçüsü 1596 kvadratmetr olan “The Journey of Humanity” (“Bəşəriyyətin səyahəti”) tablosunu 62 milyon dollara Andre Abdon (Andre Abdoune) adlı yerli sakin alıb.

70 çərçivəli bölümdən ibarət əsər “Guinness World Records” tərəfindən dünyanın kətan üzərində ən böyük ölçülü sənət əsəri olaraq təsdiqlənib. Əsər üzərində rəssam Dubaydakı “Atlantis” mehmanxanasında 7 ay ərzində çalışıb və ötən il sentyabr ayında başa vurub. İlkin olaraq əsərin 70 hissəsini ayrı-ayrılıqda müxtəlif ölkələrdə satılması nəzərdə tutulmuşdu, lakin hərracda onu bütövlükdə almaq istəyən tapılıb.

1 kvadratmetri 38852 dollara satılan bu nəhəng əsərin bundan sonra harada nümayiş olunacağı da maraq doğurur.

Əsərinin satışından əldə etdiyi vəsaiti isə rəssam beynəlxalq təşkilatların uşaqlara yardımla bağlı xeyriyyə layihələrinə sərf edəcəyini bildirib.

CAVİD