Azərbaycan

24 aprel 1866 – Yazıçı-publisist, maarif xadimi Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Ana dilində məktəblərin açılmasında, dərsliklərin yazılmasında xidmətləri olub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.

24 aprel 1902 – SSRİ Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 – 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mən ki gözəl deyildim”, “Nəsimi”, “Yeddi oğul istərəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

24 aprel 1941 – Əməkdar artist Rafiq Mirzəcan oğlu Hüseynov (1941-2018) Hacıqabul rayonunda doğulub. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə çəkilib.

24 aprel 2011 – Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921 – 2011) vəfat edib. Bakıda doğulub. Cənubi Azərbaycanda milli azadlıq hərəkatında iştirak edib. Təbrizdə ilk şeir kitabı nəşr olunub. 1946-cı ildə sovet Azərbaycanına qayıdıb.

 

25 aprel 1905 – Ədəbiyyatşünas, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 – 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Rus ədəbiyyatından  tərcümələr edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.

25 aprel 1911 – Əməkdar artist, müğənni Elmira Ağa qızı Axundova (1911 – 26.11.1998) Bakıda anadan olub. Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb.  

25 aprel 1914 – Xalq artisti Məhəmməd İsmayıl oğlu Burcəliyev (1914 – 25.11.1994) Şəkidə doğulub. 1935-ci ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, teatrda direktor (1950-52) işləyib, tamaşalara quruluş verib. “Dəli Kür”, “Gözlə məni”, “Qəm pəncərəsi” və s. filmlərdə çəkilib.

25 aprel 1933 – Azərbaycan peşəkar milli teatrının 60 illiyi təntənəli şəkildə qeyd edilib.

25 aprel 1942 – Əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev (1942 – 14.4.2020) Gəncədə doğulub. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru olub.

 

26 aprel 1908 – Görkəmli yazıçı, ədəbiyyatşünas, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (1908 – 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanlarının povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir. BDU-nun professoru olub.

26 aprel 1947 – Kinorejissor, Əməkdar incəsənət xadimi Gülbəniz Yusif qızı Əzimzadə (1947 – 7.12.2006) Bakıda anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “Avqust gələndə”, “Ötən ilin son gecəsi”, “Qətl günü” və s.

26 aprel 1972 – Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (2014-cü ildən Azərbaycan Xalça Muzeyi) ilk ekspozisiyası İçərişəhərdəki Cümə məscidinin binasında açılıb.

 

27 aprel 1940 – Folklorşünas alim, professor Bəhlul Ağabala oğlu Abdulla (1940-2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.

27 aprel 1951 – Əməkdar artist, tanınmış kamança ifaçısı Ədalət Səfərəli oğlu Vəzirov (1951 – 5.10.2002) anadan olub. Moskvada Beynəlxalq musiqi müsabiqəsinin (1974) qalibi olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) müəllim işləyib.

27 aprel 2007 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927 – 2007) vəfat edib. Bakıda doğulan sənətkar dünyanın bir çox ölkələrinin mükafatlarına, o cümlədən Azərbaycanın ən ali təltifinə – “Heydər Əliyev” ordeninə layiq görülüb.

27 aprel 2020 – Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin banisi, tarix elmləri doktoru, Əməkdar elm xadimi, professor Abuzər Alı oğlu Xələfov (25.12.1931 – 2020) vəfat edib. 50 ildən çox BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri işləyib.

 

Dünya

 

24 aprel 1845 – İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845-1924) anadan olub.  Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”.

24 aprel 1905 – Amerika yazıçısı və şairi Robert Penn Vorren (Robert Penn Warren; 1905-1989) anadan olub. “Kralın bütün dəstəsi” romanı ilə şöhrət qazanıb.

 

25 aprel 1907 – Rus bəstəkarı, SSRİ Xalq artisti Vasili Pavloviç Solovyov-Sedoy (1907-1979) anadan olub. Sovet dövrünün populyar mahnılarının, filmlərə musiqilərin müəllifidir.

25 aprel 1928 – SSRİ Xalq artisti Yuri Vasilyeviç Yakovlev (1928 – 30.11.2013) anadan olub. Filmləri: “İdiot”, “Qusar balladası”, “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

 

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.

 

26 aprel 1798 – Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix; 1798-1863) anadan olub. “Barrikadada azadlıq”, “Xiosda qətliam” və s. tarixi tabloların müəllifidir.

26 aprel 1886 – Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886-1913) anadan olub.

 

27 aprel 1791 – Amerika rəssamı və teleqraf sahəsində ixtiraçı Samuel Morze (Samuel Finley Breese Morse; 1791-1872) anadan olub. Elektromaqnit teleqraf aparatı və Morze kodu (teleqraf əlifbası) onun adı ilə bağlıdır.

27 aprel 1878 – Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə; 1878-1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.

27 aprel 1927 – Rus aktyoru Yevgeni Aleksandroviç Morqunov (1927-1999) anadan olub. Leonid Qaydayın “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri” və s. filmlərində Çoxbilmiş rolu ilə məşhurlaşıb.

Hazırladı:  Vüqar ORXAN