Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) haqqında hazırlanan filmin Azərbaycan dilində tanıtım çarxı yayımlanıb. Bu barədə Türk Şurasından məlumat verilib.
Videoçarxda 2009-cu il oktyabrın 3-də Naxçıvan sazişinin imzalanması (Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçılarının zirvə görüşündə) ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) beynəlxalq qurum kimi təməlinin qoyulduğu diqqətə çatdırılır. Türk Şurasının türkdilli dövlətlər arasında qardaşlıq əlaqələrini koordinasiyalı şəkildə həyata keçirmək məqsədilə artıq 11 ildir fəaliyyət göstərdiyi, bu fəaliyyətlərin davamlı əməkdaşlıq çərçivəsində inkişaf etdirildiyi bildirilir.
Qurumun katibliyi tərəfindən hazırlanan filmdə təşkilatın fəaliyyət və nailiyyətləri ilə yanaşı, strategiyası haqqında da ictimaiyyətə ətraflı məlumat verilir.
Film Azərbaycan dili ilə yanaşı, təşkilata üzv və müşahidəçi ölkələrin dillərində də hazırlanıb.
Türk Şurası haqqında filmin hazırlıq işləri davam edir və tezliklə yayımlanması planlaşdırılır.