Azərbaycan

 

7 may 1926 – Əməkdar rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 – 10.7.1969) Bakıda doğulub. “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Qızmar günəş altında”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.

7 may 1998 – Tanınmış kinorejissor, operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşov (11.9.1913 – 1998) vəfat edib. “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmlərə quruluş verib. Sənədli və bədii (“Arşın mal alan”, 1945) filmlərin operatoru olub.

 

8 may 1910 – Tanınmış ədəbiyyatşünas alim, şair, tərcüməçi, professor Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 – 10.8.1961) İrəvan şəhərində anadan olub.

8 may 1919 – SSRİ Xalq artisti, görkəmli bəstəkar, pedaqoq Soltan İsmayıl oğlu Hacıbəyov (1919 – 19.9.1974) Şuşada doğulub. “Gülşən” baleti, “Karvan” simfonik lövhəsi, uşaqlar üçün “İsgəndər və çoban” operası və s. əsərlərin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.

8 may 1930 – Ədəbiyyatşünas, professor Qara Mustafa oğlu Namazov (1930 – 11.5.2016) Ermənistan SSR İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.

 

9 may 1909 – Ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov; 1909-1992) Naxçıvanda anadan olub.

9 may 1917 – Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 – 11.1.1998) anadan olub.

9 may 1928 – Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928 – 26.10.1983) anadan olub. Milli violonçel ifaçılığı sənətinin əsasını qoyub, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

9 may 1940 – Əməkdar artist Şamil Mahmud oğlu Dəmirçiyev (1940-2002) anadan olub. İrəvan teatrının aktyoru olub, Musiqili Komediya Teatrında çalışıb.

9 may 1941 – Tanınmış aktyor Kamil Fərman oğlu Məhərrəmov (1941 – 8.10.1993) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrında çalışıb, “Dərviş Parisi partladır”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

9 may 1945 – Əməkdar rəssam Faiq Nağı oğlu Abdullayev (1945 – 28.10.2020) Gəncə şəhərində doğulub.

9 may 1967 – Əməkdar artist Xanım Abdulqafar qızı Qafarova (1967 – 11.7.2014) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.

9 may 2019 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikov (13.9.1933 – 2019) vəfat edib. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operettası, “Füzuli”, “Vətən” simfonik poemaları, 8 simfoniya və s. əsərlərin müəllifidir. Filmlərə (“Sehrli xalat”, “Axırıncı aşırım”), tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru olub.

 

10 may 1910 –  Əməkdar incəsənət xadimi, rejissor Həsən Səfər oğlu Ağayev (1910-1986) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrında çalışıb.

10 may 1922 – Əməkdar rəssam Cabbar Əli oğlu Quliyev (1922 – 27.8.2004) Qərbi Azərbaycanın Zəngibasar mahalında (Ermənistanın Masis rayonu) anadan olub. Aşıq Ələsgər, Xəstə Qasım və başqa el sənətkarlarının portret-obrazlarını yaradıb.

10 may 1926 – Yazıçı-ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 – 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində doğulub. “Dağlarda döyüş”, “Doğma sahillər” və s. bədii filmlərin ssenari müəllifidir.

 

11 may 1915 – Görkəmli heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 – 15.6.1971) Şəkidə anadan olub. Nizami Gəncəvinin (Bakıda və Gəncədə), Səməd Vurğunun abidələrinin, “Azad qadın” heykəlinin müəllifidir.

11 may 1928 – Əməkdar mədəniyyət işçisi Nəriman Qulam oğlu Axundov (1928-2009) anadan olub. “Azərbaycanfilm”də müxtəlif vəzifələrdə çalışıb.

11 may 1935 – Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov (1935 – 22.3.2016) anadan olub. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” və s. filmlərin ssenari müəllifidir.

11 may 1946 – Əməkdar rəssam Nazim Şamil oğlu Rəhmanov (1946-2003) anadan olub. Əsərləri Moskva Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.

 

12 may 1907 – Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 – 10.6.1983) İrəvanda anadan olub. “Beş manatlıq gəlin”, “Durna” və s. musiqili komediyalarının, populyar mahnıların müəllifidir. Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri olub, tamaşalara musiqi yazıb.

12 may 1915 – Xalq rəssamı, heykəltəraş İbrahim Əli oğlu Quliyev (1915 – 16.6.1971) Şəkidə doğulub. Azərbaycanın ilk peşəkar heykəltəraşlarından biridir, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub.

12 may 1940 – Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu; 1940 – 4.9.2019) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub.

12 may 1940 – Əməkdar incəsənət xadimi, heykəltəraş Vaqif Osman oğlu Nəzirov (1940-2020) anadan olub. Sumqayıt şəhərinin baş rəssamı işləyib.

12 may 1944 – Tanınmış rəssam Ənvər Əmirhüseyn oğlu Əliyev (1944-2003) Bakıda anadan olub. Üzeyir Hacıbəyli obrazına ən çox müraciət edən rəssamdır.

12 may 1952 – Əməkdar artist Azər Əlbaba oğlu Mirzəyev (1952 – 19.7.2014) Zərdab rayonunun Əlvənd kəndində doğulub.

12 may 2011 – Görkəmli rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 – 2011) vəfat edib. Yuğ Dövlət Teatrının yaradıcısıdır.

 

Dünya

 

7 may 1833 – Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.

7 may 1840 – Rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.

7 may 1861 – Hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore; 1861 – 7.8.1941) Kəlküttədə doğulub.

7 may 1953 – Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs (1953 – 3.3.2013) Şanlıurfada doğulub.

 

8 may 1906 – İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.

 

9 may 1924 – Gürcü şairi, nasir Bulat Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb.

 

10 may 1903 – Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.

 

11 may 1904 – İspan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 – 23.1.1989) anadan olub.

11 may 1916 – İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela; 1916-2002) anadan olub.

 

12 may 1907 – Amerika aktrisası Ketrin Hepbern (Katharine Hepburn; 1907-2003) anadan olub. Dörd dəfə “Oskar” mükafatına layiq görülüb.

Hazırladı:  Vüqar ORXAN