Görkəmli qazax şair və mütəfəkkiri Abay Kunanbayevin (1845-1904) anadan olmasının 175-ci ildönümü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən nəşr edilən “Abayı oxumaq” bədii albomu Macarıstan paytaxtında təqdim edilib. Tədbirdə ötən il TÜRKSOY tərəfindən elan olunmuş xatirə ilində ədibin irsinin tanıdılmasında əməyi keçən insanlara “Abay” medalının təqdimatı da olub.

Qazaxıstan Respublikasının Macarıstandakı səfiri Canibek Abdraşovun açılış sözündən sonra çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sözlərini xatırladaraq, “Abayı anmaq üçün ilboyu təşkil olunan müxtəlif proqramlar yalnız bir tədbirdən ibarət olmamalıdır. Bu tədbirlər mənəvi xəzinəmizin genişlənməsi üçün bir fürsət kimi dəyərləndirilməlidir” deyib.

TÜRKSOY-un elan etdiyi “2020 – Abay Kunanbayevi anma ili” çərçivəsində hazırlanan art-albomdan bəhs edən D.Kaseinov bildirib ki, topluda türk dünyasının istedadlı rəssamlarının  Abayın əsərlərindən ilham alaraq və onun mesajlarını, tövsiyələrini könül süzgəcindən keçirərək kətan üzərində əks etdirdikləri əsərlər yer alıb.

Mərasimdə Abay irsinin Macarıstandakı təbliğində əməyi olan iştirakçılara səfir Canibek Abdraşov və Düsen Kaseinov tərəfindən Qazaxıstan Prezidenti, Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi və TÜRKSOY adından təşəkkür plaketləri təqdim edilib.

Qeyd edək ki, böyük qazax şairi və mütəfəkkirinin şərəfinə TÜRKSOY tərəfindən elan edilən “2020 – Abay Kunanbayevi anma ili” çərçivəsində hazırlanan bədii albomun ilk təqdimat mərasimi bu ilin yanvarında Ankarada keçirilib. Sənət albomu Abayın hikmətli sözləri və onun əsərlərinə çəkilmiş illüstrasiyalardan ibarətdir.

Mehparə SULTANOVA
Ankara