Gərgin işdən və dərs ilindən sonra istirahət etmək hər kəsin arzusudur. Növbəti iş həftəsi və ya dərs ili ərəfəsində enerji toplamaq üçün insanlar stresdən, yorğunluqdan azad olmağın yolunu istirahət etməkdə görürlər. Bunun üçün isə turizmdə canlanmanın yaşandığı yay fəsli daha əlverişlidir.
   
   Ölkə vətəndaşlarının bu istəyini reallaşdırmaq üçün geniş seçim imkanları var: turizm infrastrukturu ildən-ilə inkişaf edir, yeni istirahət obyektləri yaradılır. Lakin bəzi insanlar səfalı guşələrdə - dağ qoynunda, çay, şəlalə ətrafında istirahət etməklə bərabər, ovla da məşğul olmaq istəyirlər. Elə bu mövzuyla bağlı əhali arasında söhbət apardıqda məlum oldu ki, dədə-babadan bizə miras qalan ovçuluq ənənələrini bu gün də yaşatmaq istəyən bir çox insanlar var.
   Ov və ovçuluğa müxtəlif cür yanaşan vətəndaşların fərqli fikirlərini öyrəndik. İlk müsahibimiz paytaxt sakini Elsevər ov həvəskarı olduğunu dedi: “Yay başlayandan artıq Azərbaycanın bir çox gəzməli, görməli yerlərinə baş çəkmişəm. Lakin istirahətimin əsas məğzini təşkil edən quş ovunu hələ heç bir yerdə həyata keçirə bilməmişəm. Bu istəyimin reallaşmasına ya əlverişsiz şərait, ya da əraziyə məsul şəxslər imkan verməyib. Mən çox istərdim ki, təbiətə ziyan vurmamaq şərti ilə bu işə diqqət bir balaca artırılsın”.
   “Ovsuz istirahət, istirahət deyil!” - bu fikri isə digər müsahibimiz, Sadiq adlı Cəlilabad sakini söylədi. O bildirdi ki, ovsuz istirahəti təsəvvür etmir. Növbəti həmsöhbətimiz “Sahil” parkındakı skamyaların birində oturub sakitcə ətrafı seyr edən ağsaqqal oldu. Deyəsən, seçimimizdə yanılmamışdıq. 72 yaşlı Əli dayı cavanlıqda Qarabağın hər dağından, dərəsindən canavar, ayı, dovşan ovladığını deyir: «Bala, mən Kəlbəcərdə doğulub boya-başa çatmışam. Qarabağın zəngin təbiəti, bitki və heyvanat aləmini məndən yaxşı kim tanıya bilər? Atamdan yadigar qalan beşaçılanla bilirsən nə qədər ov etmişəm?! İndi də Kəlbəcərə dönsəm, yenə də cavanlıqdakı kimi ov edərəm».
   Ağsaqqalın istəyinin tez bir zamanda həyata keçməsi diləyi ilə sağollaşıb, ayrılırdıq ki, kənardan iki nəfər orta yaşlı xanım söhbətimizə müdaxilə etdi. Onlardan biri özünü Aidə xanım kimi təqdim edərək, dərhal sözə başladı. Bu xanımın dediyinə görə, ovçuluq istirahətdən, əyləncədən əlavə köklü bir adət-ənənədir: “Qədimdə ov etməyən, qəhrəmanlıq göstərməyən oğlana qız verməzdilər, hətta ona ad belə qoymazdılar. İndi təəssüf ki, bizim gənclər nəinki ov eləmək, heç toyuq kəsə bilmirlər. Amma onları qınamıram, çünki ovlamağa da heç nə qalmayıb, nə ovlasınlar?!”
   Sonda ovçuluq etmək istəyən şəxslərin nəzərinə çatdırmaq istəyirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ova müəyyən olunmuş ərazilərdə norma və qanun çərçivəsində icazə verir. Nazirlik tərəfindən hətta ovlanacaq heyvanların növünə görə ödəniləcək məbləğ də müəyyənləşib.
   
   Eldar İbrahimoğlu