Dünyada turizm təşkilatları gəlirlərinin 8-10 faizini reklama xərcləyir
   
   Bütün dünyada müxtəlif sahələrdə reklam aparıcı rol oynayır. O cümlədən ölkəmizin daxili bazarını xaricdə tanıtmaq üçün reklam yaxşı təbliğat vasitəsidir. Bu baxımdan turizm sahəsində reklam əsas yer tutur. Məsələ ətrafında söhbətləşdiyimiz mütəxəssislər də bildirdilər ki, başqa sahələrdə olduğu kimi, turizm sahəsində də reklam önəmlidir.
   
   Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müəllimi Qəhrəman Yusupovun sözlərinə görə, dünyada turizm təşkilatları gəlirlərinin 8-10 faizini reklama xərcləyirlər: «Onlar istəyirlər ki, yalnız yay mövsümündə deyil, turist axınının zəiflədiyi digər mövsümlərdə də yüksək mənfəətlə işləsinlər. Bunun üçün isə güclü marketinq tədqiqatları aparılır, reklam işinə geniş yer verilir».
   Azərbaycanın turizm potensialının reklamına gəlincə, Q.Yusupov qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yerli turizm şirkətləri, istirahət kompleksləri bir çox xarici turizm sərgilərində iştirak edirlər: «Amma görünür ki, bu da azdır. Turistlərə göstərilən xidmət səviyyəsi yüksəlməli, özü də nəinki xarici turistlərə, eyni zamanda öz vətəndaşlarımıza da göstərilən xidmət səviyyəsi verilən pula uyğun olmalıdır. Xidmət növləri də artmalıdır. Xidmət yalnız yerləşdirməkdən, qidalanmadan və ekskursiyalardan ibarət deyil. Atla gəzinti, çadırda gecələmə, kənd evində yerləşdirmə kimi xidmətlər də geniş şəkildə təşkil edilməlidir”.
   Mütəxəssis hesab edir ki, Azərbaycanda güclü reklam olmasa da işləmək olar. Çünki istirahət komplekslərinin sayı azdır, bu səbəbdən də tələb təklifi üstələyir: «Lakin bu, yay aylarına aiddir. Əksər turizm kompleksləri istər Abşeron yarımadasında, istərsə də Quba-Xaçmaz və ya cənub zonasında boş qalırlar”.
   
   Ən effektli reklam keyfiyyətli və sərfəli xidmətdir
   
   Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanov isə bildirir ki, reklamsız və marketinq tədqiqatı olmadan turizm davamlı inkişaf edə bilməz: «Reklam, ümumiyyətlə biznesin təbliğat vasitəsidir. Bu gün şirkətlər öz imkanlarını, xidmətlərini insanlara çatdırmalıdırlar. İnsanlar axtarmamalıdır ki, hara necə getsinlər. Onlara bu xidmətlər müxtəlif vasitələrlə təklif olunmalıdır. Bunu da reklam yolu ilə etmək mümkündür”.
   Bu gün ölkəmizdə turizm sektorunun yetərincə reklam olunmadığını deyən E.Aslanov qeyd etdi ki, bu işdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xüsusən xarici ölkələrdə və xarici telekanallarda müntəzəm reklamların yayımlanması çox təqdirəlayiq haldır: «Ölkənin turizm reklam strategiyası, ona xidmət edən sahəvi reklam vasitələri, müxtəlif veb resurslar, həmçinin ayrı-ayrı şirkətlərin reklamları hələlik yetərincə yayılmayıb. Məsələn, turizm mövsümü başlayandan bu yana bizim ictimai nəqliyyatda Türkiyənin Turizm və Tanıtma İdarəsinin reklam lövhələrini görmək olar. Bu işdə Türkiyənin təcrübəsindən biz də faydalana bilərik”.
   E.Aslanov Azərbaycanda reklam üsulu kimi ictimai nəqliyyatın, şəhərin gur yerində bilbordların, televiziyada, radioda reklamların daha effektiv təsir imkanları olduğunu deyir: «Əgər biz xaricdən turist cəlb etməkdən bəhs ediriksə, onda daha çox internet texnologiyalarından istifadə etməliyik. Bizim turizm portalının Çin, ispan, ərəb, fars, fransız dilli versiyaları da olmalıdır. Azərbaycanda son dövrlər insanların istirahət mədəniyyətində ciddi dəyişikliklər hiss olunur. Əgər əvvəllər istirahət kəndə getmək, bağa köçmək idisə, indi insanlar səyahət etmək istəyirlər. Bundan istifadə edərək vətəndaşlarımıza gözəl xidmət təklif etməklə daxili turizmi xeyli inkişaf etdirmək olar. Bunun üçün reklam fəaliyyətinə də geniş diqqət vermək gərəkdir”.
   
   Turizmin reklamı kompleks yanaşma tələb edir
   
   Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimovun sözlərinə görə, turizm sahəsində reklam-informasiya fəaliyyəti iki səviyyədə aparılır: dövlət səviyyəsində və kommersiya strukturları (turizm şirkətləri, mehmanxana, nəqliyyat müəssisələri və s.) səviyyəsində: «Turizmin reklamı kompleks yanaşma tələb edir. Bir çox ölkələr reklam kampaniyasının xüsusi mövzularını işləyib hazırlayır. Məsələn, Almaniya uzun illərdir ki, öz ölkəsini romantik bir diyar kimi reklam edir. İsveçrə bir il qış turizmi ölkəsi, növbəti ildə göllər diyarı və s. kimi özünü reklam edir. Reklam fəaliyyətində məşhur tarixi hadisə və faktlardan, əlamətdar günlərin ildönümü, müxtəlif tarixi, mədəni və siyasi hadisələrdən də istifadə olunur”.
   Mütəxəssisin dediyinə görə, kütləvi informasiya vasitələri, çap, reklam nəşrləri (broşür, buklet, kataloq, plakat və s.), kino və videoreklam, sərgi, birja yarmarkaları və s. turizmin əsas reklam sahələridir: «Reklam işinin səmərəsi onun vaxtının düzgün seçilməsindən də asılıdır. Mətbuat səhifələrində vaxtaşırı təkrarlanan çox baha olmayan elanlar, birdəfəlik baha elanlardan daha çox fayda verə bilər. Eyni zamanda, reklam hazırlanarkən yerli ənənələr nəzərə alınmalı, radio və televiziya məlumatlarında etik normalardan kənar səs və təsvirlər verilməməlidir».
   
   Fəxriyyə Abdullayeva   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar