Sentyabr ayı ərzində Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanı iki beynəlxalq turizm sərgisində təmsil edəcək. Nazirliyin marketinq və təbliğat sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyevanın verdiyi məlumata görə, sentyabrın 21-dən 24-dək Fransada “TOPRESA” beynəlxalq turizm sərgisi keçiriləcək.
   
   Azərbaycan da bu sərgiyə dəvətlidir. Sərgidə Azərbaycanın turizm potensialının nümayiş olunması üçün 60 kvadratmetr lövhə icarəyə götürülüb. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri fransız və ingilis dillərində hazırlanmış xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ ediləcək.
   “TOPRESA” sərgisində Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, şöbənin əməkdaşı Leyla Verdiyeva, Azərbaycanda fəaliyyət göstərən 8 turizm şirkətinin əməkdaşı və «Cəngi» folklor və rəqs qrupu iştirak edəcək. Qeyd edək ki, ölkəmiz Fransada keçiriləcək “TOPRESA” beynəlxalq turizm sərgisində artıq ikinci dəfədir təmsil olunur.
   Ay ərzində ölkəmizin turizm potensialının təmsil olunacağı ikinci sərgi sentyabrın 24-26-da Yaponiyanın paytaxtı Tokioda baş tutacaq “CATA-2010” Beynəlxalq Turizm Sərgisidir. Bu sərgidə iştirak etmək üçün 45 kvadratmetrlik lövhə icarəyə götürülüb.
   Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin üç nəfər əməkdaşı, «Cəngi» folklor və rəqs qrupunun üzvləri və üç turizm şirkətinin əməkdaşı iştirak edəcək.
   Azərbaycanın 4-cü dəfə qatılacağı sərgidə ölkəmizin turizm potensialı ingilis və yapon dillərində hazırlanmış reklam-çap məhsulları ilə nümayiş etdiriləcək.  

Fəxriyyə