Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramil Əhmədin “Orxan Pamukun evində” kitabı işıq üzü görüb.

Kitabda Ramil Əhmədin türk yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2006)  Orxan Pamukla tanışlığının detalları, ədibin evində gerçəkləşən söhbətləri yer alıb. Kitabın bəzi hissələri mətbuatda işıqlandırılsa da, kitabda daha öncə yayımlanmayan yazılar, fotolar var.

Orxan Pamuk kitabın müəllifi ilə söhbətlərində yarımçıq gənclik romanından, gələcəkdə “Məsumiyyət muzeyi”nin qapalı qutularında sərgilənəcək əşyalardan, romanlarında ailəsindən gələn detallardan, evdəki “zəka terrorundan” qaçıb ədəbiyyata sığınmasından bəhs edir.

Kitabda həm fiziki mənada Orxan Pamukun İstanbulda yaşadığı evindən, həm də məcazi mənada onun sözlərlə qurduğu ədəbiyyat evindən söhbət açılır.