Rayon ərazisində yeni turizm marşrutları açılır
   
   Azərbaycanın bir sıra regionları, o cümlədən Quba turizmin inkişaf etdiyi ən əlverişli rayonlardan biridir. Mövsümün əvvəlindən axırına qədər sözügedən rayon turistlərin daha çox axın etdiyi məkanlardan birinə çevrilir. Hər il minlərlə yerli və xarici turist bölgəyə səfər edir, rayonun təbiəti, gəzməli, görməli yerləri ilə tanış olur. Quba rayon Turizm İnformasiya Mərkəzinin direktoru Könül Hacıyevanın sözlərinə görə, Qubaya turistlərin gəlişi daha çox turizm mövsümündə müşahidə olunur və ildən-ilə gələnlərin sayı artır: «Ötən illə müqayisədə bu il Qubaya gələn istər yerli, istərsə də xarici turistlərin sayında təxminən 5-10 faiz artım müşahidə olunub”.

Həmsöhbətim bildirdi ki, Quba haqqında dünyanın hər hansı bir ölkəsindən məlumat almaq imkanı yaratmaq məqsədilə Quba TİM tərəfindən www.guba.azeriblog.com internet səhifəsi hazırlanıb. Səhifədə Quba haqqında bir çox maraqlı məlumatlar var: «Qubanın tarixi abidələri, muzeyləri, istirahət mərkəzləri, mənzərəli kəndləri haqqında istənilən məlumatı bu saytdan tapmaq mümkündür. Səhifədəki məlumatlar, görüntülər tez-tez yenilənir və zənginləşdirilir. Bununla yanaşı, yaxın vaxtlarda mərkəzimiz tərəfindən Quba haqqında yeni bir saytın yaradılması üçün müvafiq işlər görülür».
   Qubada açılan iki yeni turizm marşrutu haqqında danışan K.Hacıyeva dedi ki, yerli, eləcə də xarici ölkələrdən olan turistlərin istirahətinin təşkili məqsədilə Quba Turizm İnformasiya Mərkəzi tərəfindən yaradılan bu marşrutlar Quba-Xınalıq və Quba-Afurca istiqamətindədir. Marşrutlara şəhərin gəzintisi, tarixi-mədəniyyət abidələri ilə tanışlıq, mənzərəli, füsunkar təbiət qoynunda istirahət daxil edilib. Bu il həmin marşrut proqramları daha da təkmilləşdirilib, Quba-Qusar marşrut proqramı yaradılıb.
   Qubada turistlərin ən çox maraq göstərdiyi ərazilər Xınalıq, Afurca, rayonda aşkarlanan kütləvi məzarlıq və qədim Quba xalçalarıdır: «Mərkəzə müraciət edən hər kəsə regiona aid istənilən məlumatları veririk və onlara hazırladığımız bukletləri, tur vərəqələri, diskləri təqdim edirik».
   Hazırda Qubada 31 istirahət mərkəzinin fəaliyyət göstərdiyini deyən K.Hacıyeva bildirdi ki, obyektlər öz xidmət səviyyəsi və şəraitləri baxımından fərqlənirlər: «Turizm sahəsində xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Şimal bölgəsində fəaliyyət göstərən mehmanxana və turizm obyektlərinin əməkdaşları üçün may ayında təlim kursları keçirilib. Kurslar Azərbaycan Turizm İnstitutunun müəllimləri tərəfindən aparılıb. Amma buna baxmayaraq, Qubada fəaliyyət göstərən bütün istirahət obyektlərində xidmətin yüksək səviyyədə olmasını demək düzgün olmazdı. Bir çox obyektlərdə hələ də isti su, internet, əyləncə, yüksək otaq şəraiti yoxdur. Həmçinin müştərilərə masa arxasında xidmət göstərən ofisiantlar da qaydalara düzgün əməl etmirlər. Eyni zamanda göstərilən xidmətə görə bəzi istirahət mərkəzlərində qiymətlər yüksək olsa da, bəzilərində bu yay mövsümündə endirimlər müşahidə olunub.
   
   Fəxriyyə Abdullayeva