Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində  26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Ən igid əsgər bizim əsgər” adlı tədbir keçirilib. Tədbirdə qonaq qismində İkinci Qarabağ müharibəsinin iştirakçıları Sübhan Xankişiyev, Nurlan Süleymanov və Namiq Manafov iştirak ediblər.

Tədbiri muzeyin şöbə müdiri Xanım Abdinova açaraq 103 il əvvəl, 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsasının qoyulduğunu bildirib. Vurğulayıb ki, 2020-ci ilin Vətən müharibəsindəki tarixi Qələbədən sonra bu günü müzəffər Ordu və qalib xalq olaraq qeyd edirik.

Sonra görüşün qonaqları haqqında məlumat verilib. Bildirib ki, Laçın, Füzuli rayonlarının işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirmiş hər üç qazi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunublar. Sübhan Xankişiyev  “Laçının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarına, Nurlan Süleymanov “Füzulinin azad olunmasına görə” medalına, Namiq Manafov “Laçının azad olunmasına görə” medalına layiq görülüb.

Sübhan Xankişiyev bir vaxtlar Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşı olub.

Görüşdə Sübhanın cəbhə yoldaşı – şəhid Tamerlan Mahmudovun xatirəsi yad edilərək videoçarx nümayiş olunub. Həmçinin İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısı – Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Bakı Humanitar Kollecinin müəllimi tarzən Fərid Atazadə ilə virtual görüş keçirilib.