Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi kitabın təqdimatı

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi üzrə türkdilli xalqların nağıllarından ibarət “Türk dünyasının göy qurşağı” adlı kitab nəşr olunub. İyunun 25-də fondda kitabın təqdimat mərasimi keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirib ki, kitabın adı təsadüfi seçilməyib. Çünki hər bir türk nağılı göy qurşağı rəngləri kimi əlvandır. Birlikdə bu rənglər Türk dünyasının zəngin mədəni irsini ifadə edir. Bu, sadəcə, nağıllar kitabı deyil, eyni zamanda bizim ortaq dəyərlərimizdir. Çünki hər bir nağılda mərhəmətə, barışa, qarşılıqlı hörmətə, biliyə çağırış səslənir. Digər tərəfdən bu, Türk dünyasının adət-ənənələridir, çünki hər bir nağılda dədə-babalarımızdan, əcdadlarımızdan qalan adət-ənənələrimiz var. Kitabın özəlliyi həm də ondan ibarətdir ki, hər bir nağılı balaca azərbaycanlı rəssam Məryəm Quluzadənin illüstrasiyaları bəzəyir”.

Mərasim çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bakı şəhər 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi şagirdlərinin təqdimatında nağıl qəhrəmanlarının personajları canlandırılıb, türkdilli ölkələrin milli rəqsləri nümayiş olunub.

Tədbir iştirakçılarına Fond tərəfindən sertifikatlar verilib. “Türk dünyasının göy qurşağı” kitabına Fondda üzv və müşahidəçi statusunda təmsil olunan ölkələrin –  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan, eləcə də Macarıstanın xalq nağılları daxildir.