Dünya Turizm günü bu deviz altında qeyd olunur
Məlum olduğu kimi, BMT-nin Dünya Turizm Təşkilatı builki Dünya Turizm gününü «Turizm və biomüxtəliflik» mövzusu ətrafında qeyd edir. 2010-cu il yanvar ayının 11-də BMT Beynəlxalq Biomüxtəliflik İlinin başlandığını elan edib.
Eyni zamanda təşkilat xəbərdarlıq edib ki, təbiətə vurulan ziyan insanın yaşayış mühitinə də ziyan vurur. BMT rəhbərliyi ümidvar olduğunu bildirmişdi ki, 2010-cu ildə biomüxtəlifliyin qorunması üçün hüquqi cəhətdən icbari razılıqlar əldə olunacaq. Qeyd edək ki, hələ 2002-ci ildə dünya ölkələri biomüxtəlifliyin pozulması templərini 2010-cu ilə kimi azaltmağa söz versələr də, bu vədlərə əməl edilmədi.
Mütəxəssislərin fikrincə, məhz bu baxımdan BMT Beynəlxalq Biomüxtəliflik İli elan etməklə təbiətin davam edən deqradasiyası barədə bir növ həyəcan təbili çaldı. BMT-nin baş katibi Ban Ki-Moon qeyd edib ki, ekosistemlər yoxa çıxdıqca onların insanlara göstərdikləri xidmətlər də yoxa çıxır. BMT-nin sponsorluğu ilə aparılmış bir tədqiqat göstərir ki, meşələrin qırılması hər il insanlara maliyə böhranından daha çox ziyan vurur.
Qeyd edək ki, ötən ildən etibarən Dünya Turizm Təşkilatı BMT-nin ixtisaslaşmış bir strukturu kimi fəaliyyət göstərir və bu baxımdan insanların diqqətinə bu problemin nə qədər ciddi olduğunu çatdırmaq üçün Beynəlxalq Turizm gününün «Turizm və biomüxtəliflik» devizi altında keçirilməsi qərara alınıb.
Turizm və biomüxtəliflik bir-biri ilə çox sıx əlaqəlidir. Hətta belə demək olar ki, təbiətsiz, təbii ehtiyatlarsız turizmin təşkili mümkünsüzdür. Turizmin 2-3 növünü çıxmaq şərti ilə yerdə qalan bütün növlərinin komponentini təbii abidələr, flora və fauna aləmi, su mənbələri, bir sözlə, biomüxtəliflik təşkil edir.
Bu səbəbdən də turizm sektoru biomüxtəlifliyin qorunmasına öz töhfələrini verməlidir.
Azərbaycanda bu baxımdan vəziyyəti şərh edən turizm mütəxəssisləri bildirirlər ki, bunun üçün turizm marşrutları işlənib hazırlanarkən sözügedən məsələ elmi cəhətdən araşdırılmalı, ərazinin həddindən artıq yüklənilməsinə imkan verilməməlidir. İkinci tərəfdən, əhali arasında maarifləndirmə işləri aparılmalı və onlara izah edilməlidir ki, ətraf mühiti qorumaqla turizmin dayanıqlı inkişafına nail olmaq və yeni iş yerləri yaratmaq mümkündür. Biomüxtəlifliyin qorunmasının üçüncü şərti bu sahədə elmi tədqiqatların aparılması və turizm sektorunun onun nəticələri əsasında inkişaf etdirilməsidir. Mütəxəssislər ekoturizmin və kənd turizminin sürətli inkişaf etdirilməsini də bu şərtlərin sırasına aid edirlər.
Bununla bağlı turizm şirkətlərinin boynuna da məsuliyyət düşür. Belə ki, turizm şirkətləri demək olar ki, heç bir vəsait sərf etmədən, sadəcə bizi əhatə edən bioloji müxtəliflikdən gen-bol istifadə etməklə gəlir əldə edirlər. Bu səbəbdən də onlar ən azı turistlər arasında maarifləndirmə işləri və ətraf mühitin, su mənbələrinin çirklənməsinə qarşı mübarizə aparmalıdırlar. Bu sahədə müxtəlif videoçarxlar, bukletlər hazırlanmalıdır.
Fəxriyyə Abdullayeva