Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bela Bartokla bağlı tədbir keçirib

 

Xəbər verdiyimiz kimi, iyulun 2-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda məşhur macar bəstəkarı Bela Bartokun (1881–1945) 140 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

“Bela Bartok İli” çərçivəsində təşkil edilən tədbirdə rəsmilər, fonda üzv ölkələrin səfirləri, diplomatik korpusun digər nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Fondun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirib ki, Bela Bartokun həyat və yaradıcılıq yolu cəsarət və nəciblik nümunəsidir. Onun yaratdığı əsərlər XX əsr musiqi mədəniyyətinin ən yüksək nailiyyətlərindən hesab olunur.

“Bela Bartok böyük bəstəkar və pianoçu olmaqla yanaşı, həm də xalq yaradıcılığını dərindən bilən musiqi etnoqrafı idi. O, Şərqi Avropa və türk ölkələrinin folklorunun Avropada ən tanınmış araşdırmaçılarından biri olub. Macar və türk xalq musiqisinin yaxınlığını duyaraq onları tədqiq və müqayisə edib, bir-biri ilə genetik əlaqəsini sübut edib”, – deyə G.Əfəndiyeva bildirib.

Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi tədbirin əhəmiyyətindən söz açaraq deyib: “Macarıstan artıq iki ildir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusuna malikdir və biz bu sahədə Türk dünyası ilə əməkdaşlığımızı dərinləşdiririk. Ortaq tarixi və mədəni mənşəyimizə görə türkdilli xalqları dost və qardaş hesab edirik”.

Səfir diqqətə çatdırıb ki, Bela Bartok Budapeştdə türk dilini öyrənib, həmçinin İstanbuldakı türk xalq ifaçılarından toplanan xalq musiqisi səsyazmaları kolleksiyasını dinləyib.

Tədbirdə fondun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin ifasında bəstəkarın “Rumın xalq rəqsləri” və “Divertisment” əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Qeyd edək ki, “Dədə Qorqud” kamera orkestri Türk dünyasının mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini beynəlxalq aləmdə tanıtmaq məqsədilə yaradılıb. Orkestrin bədii rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.