Azərbaycan
22 iyul 1884 – Filosof və tarixçi, Azərbaycan Elmlər Akademiyasının akademiki Aleksandr Osipoviç Makovelski (1884-1969) anadan olub. 1920-1960-cı illərdə Bakı Dövlət Universitetində dərs deyib, akademiyanın Fəlsəfə İnstitutunun direktoru olub.
22 iyul 1941 – Xalq artisti, diktor Yusif Mehdi oğlu Muxtarov (1941 – 25.4.2010) Sabirabad rayonunun Kürkəndi kəndində doğulub. Filmlərdə, teletamaşalarda çəkilib. Filmlərin səsləndirilməsində iştirak edib.
22 iyul 1949 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Dövlət Akademik Dram Teatrı “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib. Azərbaycan milli teatrının 75 illik yubileyi münasibətilə, həmçinin S.Ruhulla, M.A.Əliyev, M.Davudova SSRİ Xalq artisti adına layiq görülüblər.
22 iyul 1949 – Xalq artisti Yuri Nikolayeviç Baliyev (1949-2018) anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru olub, filmlərə (“Ovsunçu”, “Hökmdarın taleyi” və s.) çəkilib.
22 iyul 1959 – Şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959-2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub. “Uzaqlardan gəlirik”, “Özümə yol” və s. kitabların müəllifidir.
23 iyul 1883 – Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 – 8.5.1912) anadan olub.
23 iyul 1916 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Yusif qızı Rəhmanzadə (1916 – 16.3.2008) Bakıda anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.
23 iyul 1927 – Əməkdar rəssam Hafiz Əliabbas oğlu Zeynalov (1927 – 2.5.1996) Bakıda anadan olub. Tarixi mövzulu kompozisiyalar, tanınmış şairlərin portret-obrazları, məişət janrlı tablolar və natürmortların müəllifidir.
23 iyul 2011 – Tanınmış xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942-2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınıb.
24 iyul 1937 – Xalq artisti, kinorejissor Yalçın Əliheydər oğlu Əfəndiyev (1937 – 10.12.2019) Bakıda doğulub. Cizgi və sənədli filmlərin müəllifidir, “Xatirələr sahili” bədii filminə quruluş verib. “Azərbaycantelefilm”in bədii rəhbəri olub.
24 iyul 1949 – Əməkdar artist Tofiq Əbdülrəhim oğlu Hüseynov (1949 – 5.7.2020) Xırdalanda anadan olub. İrəvan, Sumqayıt Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb. 2001-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
24 iyul 1956 – Əməkdar artist Gülnar Əlifağa qızı Salmanova (1956 – 25.10.2015) Salyan rayonunun Xıllı qəsəbəsində doğulub. Musiqili Komediya Teatrının aktrisası olub.
25 iyul 1935 – Şair, publisist, Dövlət mükafatı laureatı Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935-2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Lirik şeirləri ilə yanaşı, uşaqlar üçün mənzum nağılların da müəllifidir.
25 iyul 1935 – Nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935-1997) anadan olub.
26 iyul 1915 – Əməkdar artist, teatr rejissoru Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 – 14.3.1975) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunda dərs deyib.
26 iyul 1920 – Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə “geniş zəhmətkeş proletar kütləsinin musiqi savadı” alması məqsədilə Bakının səkkiz fəhlə rayonunda şöbəsi olan musiqi təhsili müəssisəsi – Xalq Konservatoriyası açılıb. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyası yaradıldı.
26 iyul 1947 – Əməkdar mədəniyyət işçisi, tanınmış fotojurnalist Farid Xabibullayeviç Xayrulin (1947 – 27.8.2020) Bakıda anadan olub.
26 iyul 1954 – Əməkdar mədəniyyət işçisi Rəhman Ağarəhim oğlu Quliyev (1954-2010) anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının direktoru olub.
26 iyul 1995 – Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919 – 1995) vəfat edib. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub.
26 iyul 2008 – Xalq rəssamı Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925 – 2008 ) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub.
Dünya
22 iyul 1889 – Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Veyl (James Whale; 1889-1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev”, “Gözəgörünməz adam”, “Dəmir maskalı adam” və s.
22 iyul 1926 – Rus yazıçısı Sergey Baruzdin (1926-1991) anadan olub. Əsərləri: “Qadınlar haqqında povest”, “Yarpaq tökümü” və s. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.
23 iyul 1884 – Alman aktyoru, “Oskar” mükafatının ilk əcnəbi laureatı Emil Yanniqs (Emil Jannings; 1884-1950) anadan olub.
23 iyul 1888 – Amerika yazıçısı Reymond Çandler (Raymond Chandler; 1888-1959) anadan olub. Əsərləri əsasında “Dərin yuxu”, “İkiqat sığorta” və s. filmlər çəkilib.
24 iyul 1802 – Fransız yazıçısı, tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere; 1802 – 5.12.1870) anadan olub. Əsərləri: “Qraf Monte Kristo”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq”, “Kraliça Marqo” romanları, “III Henrix və onun sarayı” dramı və s.
24 iyul 1803 – Fransız bəstəkarı Adolf Adan (Adolphe Charles Adan; 1803-1856) anadan olub. “Jizel” və “Korsar” baletlərinin müəllifidir.
24 iyul 1828 – Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevski (1828-1889) anadan olub. Əsərləri: “Nə etməli” (roman), “İncəsənətin gerçəkliyə estetik münasibəti” (kulturoloji tədqiqat) və s.
24 iyul 1857 – Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917) Henrik Pontoppidan (1857-1943) anadan olub. Əsərləri: “Müqəddəs torpaq”, “Xoşbəxt Pyotr”, “Ölülər çarlığı”.
25 iyul 1905 – Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981) Elias Kanetti (1905 – 1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. Əsərləri: “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.
25 iyul 1929 – Rus yazıçısı, rejissor, aktyor Vasili Makaroviç Şukşin (1929 – 2.10.1974) anadan olub. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı başınağacı” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rol ifaçısı).
26 iyul 1856 – İngilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925) Corc Bernard Şou (George Bernard Shaw; 1856 – 2.11.1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.
26 iyul 1885 – Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (Andre Maurois – əsl adı Emile Salomon Wilhelm Herzog; 1885-1967) anadan olub.
26 iyul 1894 – İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley; 1894-1963) anadan olub.
Hazırladı: Vüqar ORXAN