Ötən əsrlərdə olduğu kimi, təsviri və dekorativ-sənətin müxtəlif sahələrində fəaliyyət göstərən müasir rəssamlar da vaxtaşırı qüdrətli söz ustadımız Nizami Gəncəvinin poetik irsinə müraciət ediblər. “Xəmsə”nin aşıladığı duyğular rəssamların müxtəlif nəsillərinin ilhamını qanadlandırmış, nəticədə rəngkarlıq, heykəltəraşlıq, qrafika və dekorativ-tətbiqi sənət sahəsində bir-birindən baxımlı əsərlər yaradılmışdır. Onların bir qismi şairin anadan olmasının 800 illik yubileyinin qeyd olunduğu dövrdə – ötən əsrin qırxıncı illərində ərsəyə gəlmişdir.
1939-cu ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə respublika İncəsənət İşləri İdarəsi Nizami Gəncəvinin obrazını yaratmaq üçün ümumittifaq miqyaslı açıq müsabiqə elan etmişdi. Çünki şairin bizim dövrə gəlib çatmış portreti yox idi. Müsabiqəyə 1940-cı ilin sonlarında yekun vuruldu. Həm Azərbaycan, həm də digər müttəfiq respublikaların rəssamlarının iştirak etdiyi sənət yarışında Qəzənfər Xalıqovun yağlı boya ilə yaratdığı Nizami obrazı birinci mükafata layiq görüldü. İndi hamıya yaxşı tanış olan portret həmin müsabiqənin nəticəsi idi.
Elə həmin ildə respublika hökumətinin qərarı ilə Bakıda və Gəncədə ucaldılacaq Nizami abidələrinin layihəsi üçün də müsabiqə elan olunmuşdu. Bu müsabiqədə də SSRİ-nin tanınmış tişə ustaları iştirak etdilər. Altmışa yaxın layihənin içərisində gənc heykəltəraş Fuad Əbdürrəhmanovun hazırladığı iki variant daha uğurlu hesab olundu. Sonralar onlardan biri şairin vətəni Gəncədə (1947), digəri isə Bakıda (1949) ucaldıldı.
Nizamiyə həsr olunmuş heykəltəraşlıq əsərləri arasında T.Məmmədovun ağacdan yonduğu portret özünün romantik biçimi ilə diqqəti cəlb edir. C.Qaryağdının “Fərhadın Bisütun dağını çapması”, İ.Zeynalovun “Fərhad qayada Şirinin portretini yaradır”, Q.Sücəddinov, A.Rüstəmov və A.Mustafayevin birgə hazırladıqları “Bəhram Gurun əjdaha ilə vuruşu” kompozisiyalarında Nizami süjetləri obrazlı ifadəsini tapmışdır.
Şairin yubileyi ilə əlaqədar çap olunmuş “Xəmsə”nin akademik nəşrinə çəkilən müxtəlif biçimli illüstrasiyaları qrafika sənətimizin uğurlu səhifələrindən hesab etmək olar. Q.Xalıqov, İ.Axundov, K.Kazımzadə, Ə.Hacıyev, Ə.Məmmədov və M.Vlasovun əsərlərində ayrı-ayrı poemaların əsas qayəsi, ədəbi qəhrəmanların daxili aləmi yaddaqalan təfsirlərlə açıqlanmışdır. Rəssamların “Sultan Səncər və qarı”, “Kərpickəsən qoca və gənc”, “Ənuşirvan və bayquşların söhbəti”, “Fərhadın dağ çapması”, “Xeyir və Şər” və “Bəhram Gur Fitnə ilə ovda” kimi məşhur motivlər üçün tapdıqları real və şərti ifadə vasitələri onların bədii təsir gücünü artırmışdır.
Sonrakı illərdə M.Rəhmanzadə, O.Sadıqzadə, T.Nərimanbəyov, N.Məmmədov və A.Hüseynov şairin ayrı-ayrı kitablarına verdikləri tərtibat və illüstrasiyalarında Nizami poeziyasının aşıladığı duyğular müasir forma-biçimdə əks etdirilmişdir.
Nizami mövzusu görkəmli fırça ustası, akademik Mikayıl Abdullayevin yaradıcılığında mühüm yer tutmuşdur. O, “Xəmsə” motivlərinə həsr etdiyi ilk əsərini – “Vəsiyyət” tablosunu 1941-ci ildə tamamlamışdı. “İsgəndərnamə” poeması əsasında çəkilmiş kompozisiya Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin açılışı münasibətilə işlənmişdi. Sonralar o, dəfələrlə bu mövzuya qayıtmış, rəssamlığın müxtəlif sahələrində uğurlu əsərlər yaratmışdır. Onun Bakı metrosunun “Nizami” stansiyasını bəzəyən çoxsaylı mozaik pannoları bu məkanı “yeraltı saray”a çevirmişdir. Rəssamın Nizami Gəncəvi ünvanlı yeni əsərləri şairin 850 illik yubileyi qeyd edilərkən (1991) nəfis kitab şəklində çap olunmuşdur.
Nizaminin həyatı və yaşadığı təzadlı dövr bir çox süjetli tabloların leytmotivini təşkil edir. S.Şərifzadə və B.Mirzəzadənin birgə işlədikləri “Nizami Qızıl Arslanın yanında”, N.İsmayılovun “Nizami və Xaqani”, B.Əliyevin “Nizami xalq arasında”, V.Hüseynovun “Nizami işığında” tabloları tarixilik baxımından maraq doğurur. “Nizami işığında” əsəri həm də şairin 800 illik yubileyinin keçirilməsinin təxirə salınmasına baxmayaraq, onun blokada şəraitində olan Leninqradda qeyd olunmasını əks etdirdiyindən böyük əhəmiyyət kəsb edir.
“Xəmsə” motivlərinə yağlı boya ilə çəkilən süjetli tablolar rəssamların şairin poetik dünyasında qərar tutan müxtəlif məqamları dərk etmək, onlara münasibətini bildirmək istəyindən irəli gəlmişdir. B.Mirzəzadənin “İki bayquşun söhbəti”, G.Mustafayevanın “Leyli və Məcnun”, Ə.Kazımovun “İsgəndərin Midiya ordusu ilə vuruşu”, S.Şərifzadənin “Şapur və Şirin” lövhələri bu qəbildəndir.
Heykəltəraş Həyat Abdullayevanın çinidən hazırladığı “Yeddi gözəl və Bəhram şah” adlı çoxfiqurlu kompozisiyanı dekorativ-tətbiqi sənət sahəsində Nizami mövzusunda yaradılmış uğurlu əsərlərdən hesab etmək olar. Müəllif taxtda oturmuş şahla onu dövrələyən gözəllərin obrazlarını vahid kompozisiyada cəmləşdirə bilmişdir.
R.Xələfovun “Bəhram Gur əjdahanı öldürür” dekorativ fiquru və O.Şıxəliyevin “Xosrov və Şirin” vazası (hər ikisi çini), H.Ələsgərovun “Məcnun ahu ilə”, C.Əyyubov və F.Seyidovun “Xəmsə” dekorativ dövrələri (mis), Ə.Bayramovun “Yeddi gözəl” dekorativ lövhələri və gəncəli rəssam S.Məmmədovun “Nizami və Afaq” bədii nimçəsi (hər ikisi çini) əsərlərində humanist ideallar, romantik arzular, nakam məhəbbət duyğuları özünün uğurlu ifadəsini tapmışdır.
Dahi şairin 800 illik yubileyi ilə əlaqədar yaradılan sənət əsərləri arasında Azərbaycanda toxunan beş xalça həm də özündə çağdaş ənənələri yaşatması ilə maraq doğurur. Görkəmli xalçaçı L.Kərimovun, habelə rəssamlardan Q.Xalıqov, K.Kazımzadə, M.Şirinov və Ə.Hacıyevin eskizləri əsasında hazırlanan süjetli xalçalar “Xəmsə”nin poemalarına həsr olunmuşdur. “İki bayquşun söhbəti”, “Fərhadın Bisütun dağını çapması”, “Məcnun səhrada heyvanlar arasında”, “Bəhram Gur Fitnə ilə ovda”, “İsgəndər və Nüşabə” süjetləri bu xalçalarda özünün real bədii həllini tapmışdır. Bütün xalçaları şux rəngli nəbati və həndəsi naxışlar haşiyələndirir.
K.Əliyevin “Nizami” xalçasında məna-məzmun yükünü real biçimli portretlə yanaşı, labirintəbənzər naxış örtüyü daşıyır. İstedadlı xalça ustaları E.Mikayılzadənin “Xəmsə”, A.Kərimovanın isə “Xosrov və Şirin” xalçalarını isə ənənə və müasirliyin vəhdəti səciyyələndirir.
Əsrlərin qovşağında təsviri sənətimizdə miniatür üslublu əsərlərin yaradılmasına marağın genişlənməsi, onun yeni bədii tapıntılarla zənginləşməsi sayəsində maraqlı axtarışlar aparılması diqqətçəkən əsərlərin yaradılmasını şərtləndirmişdir. E.Aslanov, S.Qurbanov, R.İsmayılov, Ə.Bayramov, R.Hüseynov və başqalarının bu qəbildən olan əsərlərində Nizami mövzularının obrazlı təsviri bu mənada özünəməxsus bədii həlli ilə göz oxşayır.
Gəncədə də Nizami ünvanlı əsərlər kifayət qədərdir. Q.Sücəddinovun “Nizami dünyası”, Ş.Şərifovun “Xəmsə”, A.Həsənovun “Şairin sələfləri və xələfləri”, M.Rüstəmovun “N.Gəncəvi” kimi müxtəlif materiallarda ərsəyə gətirilmiş plastika nümunələrində şairin ömür yoluna yaddaqalan münasibət bildirildiyini görmək mümkündür.
Dünyanın ayrı-ayrı guşələrinə səpələnmiş sənət nümunələri də göstərir ki, Nizami mövzusunun təsviri sənətdə özünəməxsus yeri var. Bu da, hər şeydən əvvəl, mövzunun bədii-estetik dəyərini, təsir dairəsinin genişliyini, ən nəhayət, Nizami ideyalarının bəşəriliyini və ucalığını təsdiqləyir.
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor