Türkiyənin İzmir şəhəri artıq ənənə halını alan Efes Opera və Balet Festivalına növbəti dəfə ev sahibliyi edəcək. IV Beynəlxalq Efes Opera və Balet Festivalının 24 avqust – 3 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.
Türkiyə Dövlət Opera və Balet Teatrından verilən məlumata görə, 2018-ci ildə əsası qoyulan festival 2021-ci ildə pandemiya ilə bağlı zəruri tədbirlərə uyğun təşkil ediləcək. Festivalda klassik opera və balet əsərləri ilə yanaşı, konsert proqramları da təqdim edilir.
Builki festival 24 avqustda “Efes Antik Teatrı” səhnəsində İzmir Dövlət Opera və Balet Teatrının təqdimatında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası ilə açılacaq.
26 avqustda “Efes Odeon”da Praqa Dövlət Operasından Mikaela Zaymi, Bledar Zaymi, Eqli Prifti və İzmir Dövlət Opera və Balet Teatrı Orkestrinin fleytaçısı Hürkan Eyvazoğludan ibarət “Praqa ansamblı”nın konserti olacaq.
Avqustun 28-də “Efes Antik Teatrı”nda fransız bəstəkarı Jorj Bizenin “Karmen” operasının musiqiləri əsasında xüsusi xoreoqrafik tamaşa göstəriləcək.
1 sentyabrda Bornova Aşıq Veysəl Amfiteatrında Ankara Dövlət Opera və Balet Teatrı Müasir Rəqs Birliyi tamaşaçıları ötən əsrin 30-cu illər Amerikasına aparan “Qanqster” konsert proqramı təqdim edəcək.
Festivalın 3 sentyabrda “Efes Antik Teatrı”nda təqdim ediləcək son konserti 2021-ci ildə həyatını itirən Türkiyə opera dünyasının məşhur iki tenoru Ender Arıman və Erol Urasa ithaf ounlacaq. Xatirə konsertində İzmir Dövlət Opera və Balet Teatrı Orkestrinin xoru və solistləri çıxış edəcək.
Mehparə SULTANOVA
Ankara