“Turizm ili” çərçivəsində böyük layihələrin həyata keçirilməsi gözlənilir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar keçiriləcək layihələrdən, görüləcək işlərdən danışıb: “Turizm ölkəmizin qeyri-neft sektorunda ən önəmli sahələrdən biridir. Azərbaycanın təbiəti, tarixi, iqlimi, abidələri, mətbəxi, insanların qonaqpərvərliyi, xalqımızın zəngin mədəniyyəti - bütün bunlar hamısı turizmin inkişafına geniş imkanlar yaradır. Qeyd edilənləri, o cümlədən ölkəmizin geniş inkişaf tempini, bu il gerçəkləşəcək bir neçə böyük infrastruktur layihələrin tamamlanmasını nəzərə alaraq ölkə rəhbərliyi 2011-ci ili “Turizm ili” elan edib. Bu, turizm sektoru üçün bir avansdır - bu il müddətində bu sahədə elə addımlar atılmalıdır ki, həm Dövlət Proqramının icrasına nail olaq, həm də turizm sənayesinin inkişafının əsaslı bünövrəsi qoyulsun”.
Nazir turizm sahəsindəki ən böyük layihələr sırasında “Şahdağ” qış-yay turizm kompleksində görülən işləri nəzərə çatdırıb: “Kompleksin tikintisindəki əsas iş infrastrukturun yaradılmasından ibarətdir. 2011-ci ilin sonuna qədər artıq bu kompleksin fəaliyyətini təmin etməyə qadir olan infrastruktur tamamlanacaq. Dövlət yalnız orada bir otel tikib. Ondan sonra işə sərmayədarlar qoşulmalıdır. Onlar hazır infrastrukturun üzərində sərmayə qoyaraq, kompleksin genişləndirilməsinə xüsusi layihə hazırlayaraq müəyyən olunmuş çərçivələrdə fəaliyyət göstərə bilərlər. Biz artıq buna marağı görürük. Bu ilin yazında artıq pilot layihəni, avadanlığı sınaqdan keçirəcəyik. Növbəti qış üçün xizək idman növü ilə maraqlananlar kompleksin fəaliyyətindən istifadə edəcəklər”.
Nazir bildirib ki, 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyində İşçi qrupu yaradılıb. Həmin İşçi qrupu tərəfindən “Turizm ili” çərçivəsində həyata keçiriləcək layihələrlə bağlı tədbirlər planı hazırlanır: “İşçi qrupuna Azərbaycan Turizm Assosiasiyasının, təhsil ocaqlarının nümayəndələri daxildir. Hazırda tədbirlər planı üzərində çalışırıq. Düşünürəm ki, fevralın əvvəllərində layihə ölkə rəhbərliyinə təqdim olunacaq. Ondan sonra dövlət səviyyəli sənədin icrasına başlayacağıq. Bizi olduqca böyük işlər gözləyir. İnanıram ki, 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə turizm sahəsi cəmiyyətimizin hər bir fərdinin həyatının ayrılmaz hissəsinə çevriləcək. Biz tam əminik ki, bu il Azərbaycan turizminin inkişafında yeni mərhələnin əsası qoyulacaq”.
Ceyhun