Azərbaycan

 

15 sentyabr 1905 – Azərbaycanda kukla teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905 – 22.10.1970) Bakıda anadan olub. “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib, Akademik Dram Teatrında çıxış edib.

15 sentyabr 1918 – Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) Qafqaz İslam Ordusu Bakını “Sentrokaspi diktaturası” və daşnak qüvvələrindən azad edib. Həmin gün Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı – “Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxıb.

15 sentyabr 2006 – Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (28.7.1935 – 2006) vəfat edib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub. 

15 sentyabr 2007 – Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 – 2007) vəfat edib. “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

 

16 sentyabr 1909 – Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 – 22.4.1983) Bakıda doğulub. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.

16 sentyabr 1919 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi qanuna əsasən, xalq məktəbləri kitabxanalarına türk (Azərbaycan) dilində kitablar almaq üçün Xalq Maarifi Nazirliyinə maliyyə vəsaiti ayrılıb. Cümhuriyyət dövründə ölkədə ümumi fondu 95 min nüsxə kitab olan 11 kitabxana vardı.

16 sentyabr 1920 – Azərbaycan İnqilab Komitəsinin dekreti ilə musiqi alətləri və nəşrləri satılan mağazalar milliləşdirilib. Hökumət orkestr musiqiçilərinin səfərbərliyə alınaraq Xalq Maarif Komissarlığının sərəncamına verilməsi barədə qərar (4 oktyabr 1920) qəbul etmişdi.

16 sentyabr 1934 – Əməkdar incəsənət xadimi, pianoçu, professor Elmira Yusif qızı Səfərova (1934-1997) Bakıda anadan olub.

16 sentyabr 2000 – Əməkdar incəsənət xadimi, rejissor Nazim Hüseynqulu oğlu Abbasov (14.12.1938 – 2000) vəfat edib. Bədii (“Dvorjakın melodiyası”), sənədli və televiziya filmlərinin rejissoru olub.

16 sentyabr 2002 – Tanınmış aktyor Bahadur Atabala oğlu Əliyev (24.2.1933 – 2002) vəfat edib. “Ulduz”, “Böyük dayaq” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

 

17 sentyabr 1946 – Xalq artisti, müğənni Səməd Səmədov (1946 – 24.7.2021) anadan olub. Toy və şənliklərdə populyar mahnıların ifaçısı kimi tanınıb.

17 sentyabr 1956 – Rəssam, heykəltəraş Müslüm Ömər oğlu Eldarov (1956-2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub.

17 sentyabr 2004 – Teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə (24.3.1927 – 2004) vəfat edib. Lənkəran Dram Teatrının bədii rəhbəri və direktoru olub.

17 sentyabr 2014 – Xalq artisti, vokal ifaçısı Eldar Balağa oğlu Axundov (15.3.1949 – 2014) vəfat edib. Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti olub.

 

Dünya

 

15 sentyabr 1789 – Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 – 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: “Casus”, “Dəniz qulduru”, “Losman”, “Sonuncu mogikan”, “Ləpirçi” və s.

15 sentyabr 1890 – İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 – 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm” və s.

15 sentyabr 1894 – Fransız kinorejissoru, “Oskar” laureatı Jan Renaur (1894–1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyoza”, “Fransız kankanı” və s.

15 sentyabr 1914 – Türk yazıçısı Orxan Kamal (Mehmet Raşit Öğütçü; 1914 – 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Qürbət quşları” kimi romanları, “Çörək davası”, “Arxa küçə” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.

15 sentyabr 1925 – Rus aktyoru, SSRİ Xalq artisti Kirill Lavrov (1925-2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Odun ram edilməsi” və s.

 

16 sentyabr 1462 – İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi; 1462-1525) anadan olub.

16 sentyabr 1888 – Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa; 1888-1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.

16 sentyabr 2016 – Məşhur türk kinoaktyoru, yazar Tarık Akan (Tarık Tahsin Üregül; 13.12.1949 – 2016) vəfat edib.

 

17 sentyabr 1908 – Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey; 1908-1973) anadan olub.

17 sentyabr 1931 – İtalyan əsilli Amerika aktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft – Anna Maria Louisa İtaliano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.

Hazırladı:  Vüqar ORXAN